Gizli sirr

secret-dreams

Hər bir insanın həyatında onun özünəməxsus “sirlər” xəzinəsi gizlənir. Uşaqlıq illərindən başlayaraq insanlar nələrisə şüursuz bir şəkildə gizlətməyə başlayırlar. Həqiqətən də insan bəzən etdiyi şüurlu və şüursuz hərəkətlərin altında hansı hissin durduğunu özü belə dərk etməkdə çətinlik çəkir. Həyatı boyu xoşbəxtliyə can atan insan, o xoşbəxt anın içində olduğu müddətdə belə bunun fərqində olmaya bilir. İnsanlar xəyali arzu və istəkləri ilə öz “sirr” dünyalarını yarada bilirlər. Boş yerə demirlər ki, hər insan bir “dünyadır”. Başqa sözlə desək, insanın əsas problemi, “özünü anlamaq dərdidir”.

Hər bir insanda özünü qeyri-adi çərçivədən görmə, kənardan necə göründüyünü bilmə istəyi olur.

Bəzən duyğular qarşısında insan öz məntiqini itirir, nəyin doğru, nəyin yanlış olduğunu bilməyəcək bir vəziyyətə gəlib çıxır. Və əlbəttə ki, bu cür məqamlarda bir başqasının yardımına, köməyinə ehtiyac duyur.

Bu cür məqamlarda insan ruhunu başa düşən və xırdalıqlara qədər öyrənməyə çalışan “psixologiya” elmi bizim köməyimizə gəlib çatır. İnsanlar bəzən hər hansı bir çətinliklə qarşılaşanda bunun yalnız onun başına gələ biləcəyini düşünür.

Niyə mən? Nədən bu mənim başıma gəldi? Niyə mən də başqaları kimi xoşbəxt ola bilmirəm? Bu və buna bənzər sualların beyində artması “ruh düşkünlüyü”nə gətirib çıxara bilir. İnsanlar hədsiz yorğun olduqlarını və artıq heç nəyin onları əvvəlki kimi sevindirə bilmədiyi duyğusuna qapılırlar.

Psixi xəstəliklərin çoxunun, xüsusilə nevrozların təbiəti belədir ki, onlar somatik xarakter daşımır; orqanlar sağlam olur, insan isə xəstə. Bu cür xəstəliklərin etimologiyası göstərir ki, o cür insanlar daha çox ünsiyyət və ya ünsiyyətə girmə ilə bağlı əziyət çəkirlər.

Məsələ bundadır ki, insan öz təbiətinə uyğun qanunlarla idarə edilmədikdə onun arzuları boğulur. Nevrotik xəstə reallıq duyğusunu – ünsiyyət qabiliyyətini itirmiş şəxsdir; onunla dünya, mühit arasında anlaşma olmur – mühit ondan qaydalara əməl etməyi, cəmiyyətin tələbləri və düşüncələri əsasında yaşamağı tələb edir.

Bu zəmində mühit və cəmiyyətlə insan arasındakı qarşıdurma – əsəbi gərginlik, yuxusuzluq, daxili təlaşın artmasına səbəb olur.

Psixoanaliz, bu cür xəstələri sözlə müalicə edir. Çünki insan bəzən öz içində gizlətdiyi hadisələrdən, sirrlərdən yorula bilir. Nəhayət ki, bunu kiminləsə bölüşən insan demək olar ki, üstündə bir ağırlıqlı götürülür. Nəhayət hər şeyi geridə qoyub psixoloqunun yanından rahat bir şəkildə ayrılır.

Biz nə qədər ki, içimizdə müəyyən bir hadisələri yığıb, toplayıb heç kimlə bölüşmürük, bu sirlər sizə rahat yaşamağa imkan verməyəcək. İllərlə daşıdığımız, yorulduğumuz və artıq gücsüz qaldığımızı hiss ediriksə, onda “azad olmağın və rahat yola davam etmənin əsl vaxtıdır”.

Lalə Əhmədova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Share to Odnoklassniki