İnsanın ali sinir fəaliyyətinin əlamətlərindən biri də emosiyadır (latınca emavere sğzündən götürülüb, mənası həyəcanlanıram deməkdir). Onlar özünü insanın bütün növ hissiyatını əhatə edən xarici və daxili qıcıqlara qarşı reaksiya kimi biruzə verir.
Emosional gərginlik vəziyyəti bir çox orqan və sistemlərin funksiyalarını dəyişməklə bütün orqanizmi əhatə edir. Bu funksional dəyişiklik o qədər intensiv olur ki, “vegetativ fırtına” şəklini alır. Belə ki, bu fırtınada müəyyən ardıcıllıq olur. Emosiya o sistem və orqanların işini gücləndirir ki, onlar orqanizmlə xarici mühit arasında sıx əlaqə yaradır. Bu zaman vegetativ sinir sisteminin simpatik hissəsinin güclü oyanması baş verir. Qana əhəmiyyətli miqdarda adrenalin ifraz olunur, ürəyin işi artır, arterial təzyiq yüksəlir, qaz mübadiləsi güclənir, bronxlar genişlənir, orqanizmdə oksidləşmə və energetik proseslər intensivləşir.
Skelet əzələlərinin fəaliyyəti kəskin dəyişir. Əgər adi vəziyyətdə ayrı-ayrı əzələ lifləri işə cəlb olunurdusa, affekt vəziyyətində onlar birgə fəaliyyət göstərir. Bundan başqa, yorulmada əzələ işini tormozlayan proseslər blokada olunur. Belə ki, emosional oyanıqlılıq qısa müddətdə orqanizmdə mövcud olan ehtiyyatları səfərbər edir. Hətta daha intensiv fəaliyyət zamanı potensial imkanlardan bir hissəsi qorunub saxlanılır. Onlar yalnız vacib anlarda emosional gərginlik vəziyyətində istifadə olunur.
Eyni zamanda, orqanizmdə həyati vacib olmayan orqanların funksiyaları tormozlanır: enerjinin assimilyasiyası tormozlanır, dissimilyasiya prosesi güclənir ki, bu da orqanizmə lazımi enerji ehtiyyatı verir.
Emosiya vəziyyətində insanı subyektiv vəziyyəti dəyişir. İntellektual sfera, yaddaş daha dəqiq işləyir, xüsusilə ətraf mühitin təsiri daha dəqiq qəbul olunur.
Sakitlik vəziyyətində təfəkkür bəzən şablon stereotip olur. Emosional yüksəliş anında ilham gəlir, insan kəşfə həvəslənir, yaradıcılıq sevinci yaşanır. Emosiya-insanın fiziki və mənəvi gücünün yüksəliş vəziyyətidir.
Orqanizmin zəruri şəraitdə yaranan cavab reaksiyası prosesində emosiya uyğunlaşma mexanizmi kimi formalaşır. Çətin vəziyyətdə öz imkanlarını səfərbər edə bilməyən orqanizm mübarizəyə dözə bilmir və ölür.
Lakin güclü emosional reaksiya da ziyanlı ola bilər və bir çox xəstəliklər yaradar. Emosiya o halda meydana çıxır ki, orqanizm qarşısında hansısa bir vəzifə (tələbat, məqsəd) yaranır, həll vasitəsi (əldə etmə, təmin olunma) lazımi qədər olmur. Məqsədə çatma vasitəsi – bacarıq, vərdiş, təcrübə, enerji zamanla olur.
Emosional gərginlik müəyyən həddə çatdıqda baş verir. Gərginliyin 4 dərəcəsi müəyyən olunur:
1-ci dərəcə – diqqət, mobilizasiya, aktivlik vəziyyəti, əmək qabiliyyətinin artması, orqan və sistemlərin funksiyalarının sürətlənməsi ilə xarakterizə olunur. Bu vəziyyət faydalıdır, orqanizmin əmək qabiliyyətini yüksəldir.
2-ci dərəcə – o vaxt qeyd olunur ki, gücün toplanması lazımi qədər olmur. Bu vaxt gərginlik artır, mənfi emosiyanın yaranmasına səbəb olur. Psixoloji olaraq bu hər kəsə məlum olan qəzəb, hirs, təhqir vəziyyəti ilə əks olunur ki, orqan və sistemlərin aktivliyinin kəskin artması ilə müşayiət olunur. Skelet əzələlərinin işi artır, diqqət cəmlənir, ürəyin işi artır, arterial təzyiq yüksəlir, tənəffüs güclənir, qarın boşluğu orqanlarında spazm baş verir və qan əzələlərə, ürəyə, ağciyərlərə, beyinə axır. Bu reaksiyanın məqsədi məsələni həll etmək üçün orqanizmin imkanlarını maksimum artırmaqdan ibarətdir.
3-cü dərəcə-astenik mənfi emosiya. Bu vəziyyət orqanizmə imkanlarından artıq güc lazım olduqda yaranır. Psixoloji olaraq bu vəziyyət qorxu, dəhşət, sıxılma hissi ilə müşayiət olunur. İntellektual və enerji ehtiyyatları kəskin aşağı düşür, insanın qorxudan əlləri yanına düşür. Ayaqları əsir, əqli imkanları tükənir, “vegetativ tufan xaosa” keçir. Bu vəziyyətdə nəinki intellekt və enerji eyni zamanda immunoloji reaksiyalar da zəifləyir. Bu eyni zamanda, orqanizmin özünü müdafiə reaksiyası kimi təzahür edir. Belə ki,insan qarşısına qoyduğu məqsəddən əl çəkməli olur. Lakin məqsəd davam edirsə, orqanizm çıxılmaz vəziyyətdə qalır, bu vaxt 4-cü mərhələ-nevroz halı baş verir ki, bu da xəstəlikdir (bir çox requlyator mexanizmlərin tükənməsi). Nevroz halı artıq iradəyə tabe olmayan bir funksional vəziyyət kimi xarakterizə olunur. Lakin insan 4-cü mərhələyə çatmadan bu mərhələlərin hər birində dayana bilər. Bunu üçün yüksək iradə, vəziyyətə peşəkar yanaşma lazımdır.
Vəziyyətimizi dərk etməklə xəstəliyə çevrilmədən bu mərhələlərin bir-birini əvəz etməsinin qarşısını almaq olar. Bunun üçün düşdüyümüz vəziyyəti real qiymətləndirmək lazımdır.
Xəzər Universitetinin, psixologiya fakültəsinin tələbəsi
Nərmin Quliyeva