Yaddaş

memory-chip-brain-implant

Ümumi mənada yaddaş ətraf qıcıq barədə informasiyanın həmin qıcığın təsiri keçdikdən sonra da qorunub saxlanılmasıdır. Yaddaş prosesində dörd müstəqil faza fərqləndirilir:
1.Fiksasiya
2.Qorunma
3.Oxunma
4.İzin reproduksiyası
Yaddaş prosesi müddətinə görə üç kateqoriyaya ayrılır:
1.Ani yaddaş – qısa müddət izin həkk olunması. Bir neçə saniyə çəkir.
2.Qısamüddətli yaddaş – prosesin həkk olunması bir neçə dəqiqə çəkir.
3.Uzunmüddətli yaddaş – izin uzun müddət qorunub saxlanılması.
Həmçinin görmə, eşitmə, taktil, hərəkət, qoxu yaddaşları da ayrılır. Eyni zamanda affektiv və ya emosional yaddaş, hadisələrin emosional rənglənməsi də mövcuddur. Yaddaşın bu və ya digər növünə cavabdeh olan ayrı-ayrı beyin hissələri ayrılır, daha doğrusu, yaddaş istənilən mürəkkəb, psixi proses kimi bütöv beynin işi ilə əlaqədardır. Ona görə də yaddaş mərkəzləri haqqında danışmaq şərti xarakter daşıyır. Eksperimental və kliniki tədqiqatlar göstərir ki, yaddaşın formalaşmasında beynin hippokamp (dərialtı qırışıq), qurşaq qırışığı, talamusun ön nüvəsi, məməvari cisim, arakəsmə, yüyən, badama bənzər kompleks, hipotalamus iştirak edir ki, bunlar da Papesin böyük və kiçik halqasını əmələ gətirir.Yaddaşın pozulması müxtəlif cür olur:
1.Yaddaşın zəifləməsi-hipomneziya
2.Tam itməs – amneziya
3.Patoloji güclənməsi hipermneziya
Hipomneziya müxtəli mənşəli ola bilər.Yaşla bağlı baş verə bilər və ya anadangəlmə ola bilər. Müxtəlif beyin xəstəlikləri (beyin damarlarının sklerozu) nəticəsində baş verə bilər. Belə xəstələrdə yaddaşın bütün növləri zəifləyir. Yaddaşın saxlama və reproduksiya xüsusiyyətinin pozulması amneziya adlanır. Beynin orta qeyri-spesifik strukturunun zədələnməsi uzunsov beyin, beyin kötüyü, limbik sistem səviyyəsində zədələnməsi modal qeyri-spesifik zədələnmədir. Limbik sistem səviyyəsində zədələnmə Korsakovski sindromu adlanır. Korsakovski sindromunda xəstələrdə praktiki olaraq yaddaş olmur; məsələn, onlar həkimlə bir neçə dəfə salamlaşırlar. Bununla yanaşı həmin şəxslərdə uzunmüddətli yaddaşın izləri yaxşı qorunub saxlanılır. Oxşar vəziyyət beynin keçici hipoksiyasında da bir çox intoksikasiyalarda; məsələn dəm qazının zəhərlənməsində baş verə bilir. Yaddaşın belə pozulması fiksasion amneziya adlanır. Digər müvəqqəti yaddaşın bütün növlərinin pozğunluğuna misal, qlobal tranzitor amneziyadır. Bu növ pozğunluq müvəqqəti damar çatışmazlığı ilə əlaqədardır.
Bəzi hallarda, yaddaş bir analizatordan daxil olan məlumatın saxlanılmasının fərdi pozulması şəklində dəyişir. Belə modal-spesifik pozğunluğa görmə, eşitmə, musiqi, taktil və hərəki yaddaş pozğunluğu aiddir. Bütün bu yaddaş növləri müvafiq analizatorların işi ilə əlaqədardır və həmin pozğunluqlar müvafiq analizator mərkəzlərinin pozulması nəticəsində baş verir.
Xüsusi qrup yaddaş pozğunluğu psevdoamneziya beynin alın payının geniş zədələnməsi zamanı baş verir. Belə ki, bu xəstələrdə davranışın məqsədli, planlı formalaşma prosesi kobud şəkildə pozulur, istənilən şüurlu psixi fəaliyyət strukturu zədələnir. Yaddaşı tədqiq etmək üçün psixoloji metodikadan istifadə olunur.

Nərmin Quliyeva

Xəzər Universitetinin, psixologiya fakültəsinin  tələbəsi

 

Share to Odnoklassniki

Tags: