Lent.az a istinadən müsahibəni Sizə təqdim edirik.
Son illərdə Azərbaycanda insanlar arasında aqressiya halları artıb. Demək olar ki, hər gün ölkədə kimsə mübahisə zəminində həmsöhbətini bıçaqlayır, döyür, öldürür. Hər gün “ər arvadını öldürdü”, “ər arvadının başını kəsdi”, “bacı qardaşını balta ilə doğradı” və s. kimi xəbərlər oxuyuruq. Sanki ölkədə heç kim heç kimin sözünü həzm etmək istəmir, heç kimin sözü başqasının boğazından keçmir, hamı bir-birinə nifrət edir. Küçələrdə gülən adam tapmaq müşkülə çevrilib. Dövlət və ya özəl sektorda üzümüzə gülümsəyən əməkdaş görəndə dəyərli bir zinət tapmış kimi oluruq. Bəs görəsən, insanların bu qədər aqressivləşməsinin səbəbi nədir? Cəmiyyətdəki bu aqressiyanın qarşısını almaq üçün nələr etmək olar?
Psixologiyada aqressiya başqalarını özünə tabe etmək və onlar üzərində dominantlıq etmək məqsədilə real davranış və ya fantaziyalarda təzahür edən tendensiya kimi başa düşülür. Aqressiya ya xarici obyektlərə (insanlara və predmetlərə), ya da insanın özünə (bədənə və şəxsiyyətə) yönəldilə bilər. Cəmiyyət üçün insanlarda yönəldilmiş aqressiya xüsusilə təhlükəlidir.
Psixoloq Elnur Rüstəmov Lent.az-a açıqlamasında deyir ki, insanlardakı bu aqressiya bir çox amillərdən qaynaqlanır, amma ən zəruri amil informasiyanın oxunması ilə dəyərləndirilir: “İndi mətbuatda yayılan ifrat informasiya böyüməkdə olan nəslin psixologiyasına çox böyük təsir göstərir və eyni zamanda aqressiyanın artmasına, insanların bir-birinə güvənsizliyinə, inamsızlığa, doğmalığın azalmasına gətirib çıxarır. Baş verən cinayət hadisələri daha çox bir-birinə yaxın, qohum, doğma olan insanlar arasında baş verir. Səbəb isə bu insanlar arasında canlı ünsiyyətin, doğmalığın azalmasıdır. Əvvəllər xala, bibi, əmi, dayı doğmalığı var idi. Nəsə bir hadisə olanda bir-birini qoruyan, himayə edən qohumlar var idi. Bəs indi varmı o xala, bibi, dayı doğmalığı? Yoxdur, çünki hər kəs öz problemini, öz ailəsinin içini düşünür və “mənə qalan ancaq öz ailəm olacaq, başqasından mənə xeyir gəlməz” düşüncəsi ilə yaşayır. Buna görə də qohumlar arasında konflikt zamanı o qarşısındakına qohumu, doğma biri kimi deyil, sıradan bir insan kimi yaxınlaşır, məhrəmiyyət duyğusu arxa plana keçir. İndi insanların həyatında hər şey maraq üzərində formalaşmağa başlayıb”.
“Bu gün çəkilən bütün filmlər, yayılan bütün informasiyalar insanlara şüuraltı olaraq “ancaq özünə güvənəcəksən, ailəni düşünəcəksən, başqalarını yox” mesajını ötürür”, – deyən psixoloq qeyd edir ki, insanlar indi ancaq öz konfortu üçün yaşadığına görə aqressiya və cinayətlərin də sayı artır: “Kriminal, zorakılıqla bağlı informasiyanın geniş yayılması insanlar arasında soyuq münasibətə rəvac verir”.
Ailədaxili zorakılıq, ər-arvad arasında artmaqda davam edən cinayət faktlarına münasibət bildirən psixoloq deyir ki, bunun səbəbi ailə dəyərlərinin dəyişməsidir: “Dünənə qədər işləyən xanımlarımız az idi. Bu gün söhbət gender bərabərliyindən, qadın-kişi hüquqlarının bərabər olmasından gedir və Azərbaycan kişisi buna tolerant davrana bilmir. Ailəsində əvvəlki idarəçiliyi itirdiyinə və özünü inkişaf etdirə bilmədiyinə görə zorakılığa əl atır.
Xanım işləyir, evə qazanc gətirir və qarşı tərəf onunla pis davrandığında onun da sinirləri pozulur. Düşünür ki, o da əri kimi çalışır, evə qazanc gətirir və bunun müqabilində diqqət, qayğı istəyir. Bu da olmayanda usanma, ailədaxili problemlər yaranır. Azərbaycan kişisi, Azərbaycanın ailə modeli buna hazır deyil. Yaxın illərdə bu problem tənzimlənəcək. Belə cinayətlər yavaş-yavaş azalacaq”.
E.Rüstəmov əlavə edir ki, Azərbaycan kişisi qadınına öz əmlakı kimi davrandığından bu xoşagəlməz hadisələr baş verir: “Azərbaycanda xanım kişidən daha aktiv, dinamik və məqsədyönlüdür. Azərbaycan kişisi nə işləmək, nə də xanımının çalışmasını qəbul etmək istəyir. Kişi qadınını idarə edə bilməyəndə, gücü çatmayanda zorakılığa keçir.
İndi ailə dəyərləri də fərqlidir. Məsələn, əvvəl qayınata deyirdi ki, işləyən qızı oğluma almaram, ancaq indi deyir, işləyir, maşını varsa, lap yaxşı, evi də varsa lap əla. Eybi yox boşanıb, mülki varsa problem deyil. Yəni artıq bu təfəkkürlə yaşayırıq”.
E.Rüstəmov qeyd edir ki, Azərbaycanda uşaqlar əvvəldən yanlış yanaşma ilə böyüyür: “Uşaqkən hər birimizi öyrədirlər ki, yaxşı oxu, yaxşı universitetə qəbul ol, yaxşı iş tap, yaxşı maaş al. Ancaq Amerika, Avropada isə uşaqları “həyatı yaxşı öyrən” reallığı ilə böyüdürlər.
İndi yaşadığımız informasiya əsrində uşaqların informasiya təhlükəsizliyi yetərincə qorunmur. Nəzərə almaq lazımdır ki, bu gün böyüyən uşaqlar üçün sabah bir qədər də çətin olacaq. Məsələn, uşaq mərkəzlərinə müraciət edən elə valideynlər var ki, onların uşaqları tamamilə oyunlardan asılı olur. O oyunların da bir qismi qorxulu, təhlükəli oyunlardır. Bu hal da zaman keçdikcə onlarda bir çox psixoloji problemlərin yaranmasına rəvac verir. Daha çox uşaqlara mərhəmət hissini aşılamaq, valideyn uşaq arasında real münasibəti, canlı ünsiyyəti artırmaq lazımdır”.
Psixoloqun sözlərinə görə, cəmiyyətdəki bu aqressiyanın qarşısını almaq üçün psixi sağlamlıq, psixi təhlükəsizliklə bağlı maarifləndirmə işləri aparmaq lazımdır: “Hər bir şəxs özünün psixi sağlamlığının, fərdi inkişafının qeydinə qalmalıdır. Əgər insan öz həyatını düzənli bir şəkildə istiqamətləndirə bilsə, özünü aktuallaşdıra, reallaşdıra bilərsə, ailədə də problem olmayacaq. Biz fərdi inkişafa xüsusi diqqət yetirməli, psixi sağlamlığın qeydinə qalmalıyıq. Bunlar olarsa, cinayət də az olacaq”.
Fərizə Əhmədova
http://news.lent.az/news/232690