Bu dünyanın gerçəyi,
Yalanı xatirədir……
Baba Vəziroğlu
İnsanın yaddaşı xatirələrdən ibarət unikal bir xəzinədir. Zaman keçdikcə, biz qeyri- ixtiyari həyatımızda olub keçən hadisələri xatırlayırıq. Bəzən keçmişdə olan hadisələri yada salmaq o qədər xoşdurki. O an hisslər canlanır, ürək elə döyünürki, sanki o günlərə qayıdırıq, o anları yenidən yaşayırıq, həmin hisslər, həmin emosiyalar. Bəzən onlar qayıdır…. Bəzilərində tez-tez, bəzilərində gec-gec.Kimlərdə isə parlaq, kimlərdə isə solğun. Yaddaşımızda təzələnib ruhumuzu narahat edirlər. Onlar həm sevindirici, həmdə kədərli olur. Elə xatirələr var ki, həyatımızı sanki parlaq boyalarla çiçəkləndirir, üzümüzdə təbəssüm doğurur. Amma həyatımızı dözülməz edən, hər zaman göz yaşlarına səbəb olan xatirələr də var. İllər ötdükcə həyatımızda baş verənlərə münasibət dəyişir. Başqa bir mənzərə olur. Bəzən onları geri qaytarmaq istəyi olur, bəzən isə tamamilə yaddaşdan silmək istəyi. Ruhumuza acı verən hadisələri xatırlayanda nə baş verir? İnsan o hissləri,o mənfi emosiyaları yenidən yaşayır. O keçirdiyi hisslər onun daxilində ( orqanizmində) zərərli dəyişikliklər yaradır. Bu isə birbaşa sağlamlığa, ümumi həyat tonusuna təsir göstərir. İndiki real həyatında hər bir şey qaydasında olsa belə, insan mənfi xatirələr əhatəsinə düşürsə, mənəvi əzab çəkir, real həyatını yaşamağa taqəti qalmır. O da təbii ki psixoloji narahatlığa səbəb olur. İnsan pis xatirələrə qapanmaqdansa mənfi olanlardan nəticə çıxarmalıdı. Əgər mənfi xatirələrdən qurtula bilsəniz, vəziyyətiniz tək mənəvi cəhətdən yox, həm də fizioloji cəhətdən xeyli yaxşılaşacaq. Əksinə, əgər insan yalnız müsbət olanları, gözəl anları yadda saxlamaq iqtidarında olsaydı, o həyata nikbin baxardı.Amma istənilən anda pis xatirələri tam unutmaq olmur. Onların mənfi təsirindən həyatımızı qurtarmaq olar.
Gözəl xatirələr – insanın daxilində daim enerji mənbəyidir. Belə xatirələr həyatımızı bəzədiyi və zənginləşdirdiyi üçün lazımdır.Hər kəs yaddaşında yalnız müsbət xatirələri saxlamağa çalışmalıdı. Onlar bizə müsbət enerji ötürür, bizə sevinc bəxş edir, gələcək işlərimizə ruhlandırır. Bir qayda olaraq, yalnız xoş xatirələri və ya neqativ fikirləri yayındıran insanlar, təbii ki gələcəyə nikbin baxacaqlar. Amma nə qədər xoş, sevindirici və ya kədərli olsalar da xatirəsiz həyatımız mənasını, bütövlüyünü itirmiş olar. Keçmişimiz – gələcəyimiz üçün qoyulan bir təməldir. Müsbət xatirələr insanın ruhun işıqlandırır. Və arzu edərdim ki, illər ötdükcə, yaşa dolduqca rahat deyək: “Mən xoşbəxt,mənalı həyat yaşamışam!”
Aygün Ağabalayeva
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu