Ən aktual psixoloji problemlər psixoloqun gözündə…

  • Home
  • Müsahibə
  • Ən aktual psixoloji problemlər psixoloqun gözündə…
1920011_864387046926245_8303269517038877208_n

Psixoloq Elnur Rüstəmov: “Əslində heç bir valideyn bilərəkdən nəsə eləmir ki, övladı evdən qaçsın”

Atalarımız deyib ki,“Qızını döyməyən, dizini döyər”. Amma mən inanmıram ki, bu fikir real fiziki güc tətbiq edilən tərbiyəyə aiddir.Çünki insanı heyvandan fərqləndirən cəhət onun aglıdır. Allahın yaratdıqları arasında insan ən üstündürsə, onu necə heyvan kimi kötəkləmək olar?!Amma reallıqlar heç də dediklərimizlə üst-üstə düşmür. Beləki, XXI əsrdə övladlarını hələ də müxtəlif tərbiyə üsulları ilə böyüdən valideynlər var.Bəzi analar indi də fəxrlə, “mən onu başında qapazla böyütmüşəm, əgər vaxtında döyülməsəydi, indi o da tərbiyəsiz olardı” deyə etiraf edirlər. Belə tərbiyə alıb böyüyən uşaqlar və haqlı olduqlarını düşünən analar ölkəmizdə yetərincədir. Mütəxəssislərin fikrincə, ümumiyyətlə, insanı döymək psixopatlıq əlamətidir. Belə insanlar nə özləri yaşayır, nə də başqalarına rahatlıq verirlər. Psixoloji mərkəzlərə, psixoloqlara müraciət edən qadınların böyük əksəriyyəti fiziki təzyiqlər görən xanımlardır. Unutmayaq ki, övladlarının hüquqlarını pozan, onları cəzalandıraraq tərbiyə edən valideynlərə müqəddəs kitabımız olan “Quran”da da mənfi münasibət bəslənilir. Ümumiyyətlə, insanın döyülməsinə,ona qarşı zor, şiddət tətbiq edilməsinə islam dini də qarşı cıxır. Bəzi qız anası olan xanımlarımız bilmir ki,“Quran”da qız uşaqlarına xüsusi diqqətlə yanaşmaq, rəftar etmək buyurulub. Uşaqları döyməklə yox,ancaq sözlə başa salmaqla tərbiyə etmək lazımdır.
Son günlər mətbuatda uşaqlara qarşı işgəncə və zorakılıq, hətta ölümlə nəticələnən dəhşətli faktlar barədə xəbərlər artıb. Kimisi bunu bir “tərbiyə üsulu” sayır, bəziləri cahillikdən edir, bir başqası da özünü və qarşısındakı müdafiəsiz varlığı sadəcə psixi durumunun qurbanına cevirir. Bu mövzu bir ana kimi məni də cox narahat etdiyinə görə, mütəxəssislə söhbət etmək qərarına gəldim. Müsahibimiz “Psixologiya və məsləhət mərkəzi”nin psixoloqu Elnur Rüstəmovdur.

-Son zamanlar azyaşlı qızların evdən qaçma məsələsi gündəmi zəbt edib. Bununla bağlı hansı tədbirlər görülməlidir? Sizcə, bu məsələdə günahkar kimdir?
-Cəmiyyət sürətlə dəyişir. İnsanlarda özünə qapanma, düşünmə halları durmadan artır. Sanki həyat bitir, “ bacardığım qədər özüm üçün yaşayım” düşüncəsinin bir təfəkkürü formalaşır. Bu da ən birinci ailə münasibətlərinə təsir göstərərək, həmin ailədə böyüyən uşaq və yeniyetmələrin düşüncələrinə çox böyük təsir göstərir. Evdən qaçan gənclərlə bağlı onu qeyd edim ki, onların böyük bir qismi birdən–birə bu qərarı vermir. Bu proses zaman–zaman formalaşır. Əslində hər bir valideyin bilir ki, övladında hansısa dəyşikliklər baş verir. Bəzən valideynlər həmin hadisələri görməməzlikdən gəlir və yaxud da fikirləşirlər ki, bu keçici bir haldır. Yeniyetmə ilk olaraq təhsildən soyuyur, daha sonra özünə qapanır, aqressivləşir, zamanının çoxunu telefonla və kompyuterlə keçirir, valideyndən uzaqlaşır. Hər hansı valideyn bu hallarla rastlaşarsa, ilk olaraq çox diqqətli olmalı və ehtiyatla davranmalıdır. Əgər bacara bilmirsə, mütləq mütəxəssisə müraciət etməlidir ki, xoşagəlməz hallardan sığortalansın. Əslində yeniyetmə özü də nə istədiyini bilmir. Nə uşaq kimi uşaq olur, nə gənc kimi gənc. Ona elə gəlir ki, dünya onun ətrafında fırlanır. Ailədaxili münaqişələrdən ən çox əziyyət çəkən uşaqlardır. Yeniyetmələri evdən qaçmağa, özünə xəsarət yetirməyə vadar edən əsas səbəblər ailədə olan problemlərdir. Əslində heç bir valideyn bilərəkdən nəsə eləmir ki, övladı evdən qaçsın. Sadəcə, hadisələrin fonunda dayanan məsələlər bu hala gətirib çıxarır. Yəni ata-ana istəmədən birbaşa günahkar və iştirakçı olur. 

-Sizcə, bütün bu hadisələrin baş verməməsi üçün valideynlərin üzərinə düşən ən böyük vəzifə nədən ibarətdir?
-Bu məsələdə yenə də ən böyük məsuliyyət valideynlərindir. Biz həmişə onlara övladlarında baş verən ən adi bir dəyişikliyi vaxtında hiss etməyi və tədbir görməyi məsləhət görürük. Valideyn övladı ilə davranışında hər hansı bir narahatlıq yaşayarsa, o zaman mütəxəssisə müraciət etməsi vacibdir ki, nəticə daha da ağırlaşmasın. Biz yeniyetmələrdə əsasən iki problemi daha çox görürük. Birincisi, yeniyetmənin davranış qaydaları, ikinci isə, gənclərin ünsiyyət qurma problemi. Son zamanlar yeniyetmələr arasında daha çox qarşılaşdığımız cinsəl yetişkənlik prosesi də gündəmdədir. Hər yeniyetmədə bu eyni formada keçmir. Eyni və əks cinsə olan münasibət hər bir gəncdə müxtəlif olur. Yenə də valideynlər cox diqqətli olmalı və öz övladları ilə düzgün qaydada rəftar etməyi bacarmalıdırlar.

-Cəmiyyətin gənclərin həyatında rolu?
-Yaşadığımız mühit də, valideynlər qədər yeniyetmənin həyatında mühüm rol oynayan amillərdəndir. Gənclərin bir şəxsiyyət kimi formalaşmasında ətraf mühitin birbaşa əlaqəsi var. Hec bir valideyn öz övladının yaxşı və pis cəhətlərini kiminləsə müqayisə etməməlidir, cünki bu onlara cox pis təsir edə bilər. 

-Elnur bəy, bu gün Azərbaycanda övladlarla davranışda mütəxəssisdən kömək istəmək anlayışı o qədər də inkişaf etməyib. Sizcə, bu sahədə maarifləndirmə niyə bu qədər zəifdir?
-Ötüb-keçən illərə nəzər salsaq, görərik ki, son dövrdə müraciət edən ailələr çoxalıb. Amma İndi əsas problem odur ki, valideynlər davamlı olaraq əməkdaşlıq etmək istəmirlər. Bəzi insanlarda psixoloq anlayışının düsturu budur. Gəlib pulumu vermişəm, uşağımın psixikasını düzəlt, vəssalam. Valideyinlər bilmirlər ki, övladlarının sağlam düşüncəyə malik olması üçün müalicə ilə yanaşı, birbaşa valideynlərin özləri də iştirak etməlidirlər. Valideyn gəlib bizə müraciət edir ki,əsas uşağım düzəlsin, mən sonra onunla rəftarımı dəyişəcəm. Belə bir proses yoxdur. Birinci sənin davranışın düzəlməlidir ki, övladın da mənfi hallar yaşamasın. Məsələn, ailədə ata alkoqol aludəçisidir. Uşaq bundan əziyyət çəkir. Valideyn deyir ki, mənim içməyimin ona nə aidiyyatı var? Amma başa düşmür ki, pis vərdişli valideyni olduğuna görə uşaq dostlarının yanında utanır. Başqa bir misal. Valideyn şikayətlənir ki, övladım cox aqressivdir. Amma iki dəqiqədən bir özü uşağın üstünə qışqırır. Deyirəm aqressiv olan sizsiniz, övladınız yox. Belə hallarla çox üzləşirik.. Valideynlər birinci özlərini tərbiyə etməlidir. 

-Yəqin siz də razılaşarsınız ki, əvvələr psixoloqa müraciət edən insana cox qəribə baxırdılar. Amma indi tam əksinə, bu artıq prestijə çevrilib.
-Bəli, çox doğrudur ki, bu gün psixoloqa müraciət etmək istiqamətində maarifləndirmə böyük sürətlə gedir. Xüsusi olaraq qeyd edim ki, mətbuatın, KİV-in bu sahədə rolu əvəzsizdir. Dövlətin dəstəyi, diqqəti isə mühümdür. Orta məktəblərdə psixoloq ştatının açılması cox böyük əhəmiyyət kəsb edir. 2012-cı ildə Səhiyyə Nazirliyinin nəzdində psixi sağlamlıq mərkəzi yaradıldı. Lap bu yaxınlarda, Səhiyyə Nazirliyi yeni bir iş həyata keçirdi. Dövlət xəstəxanalarında psixoloq ştatı açılıdı və rəsmiləşdirildi. Ancaq dünənə kimi psixoloqları heç bir xəstəxana ştatla işə götürmürdü.Bu sahədə görülən işlər birbaşa psixologiyanın inkişafına yönələn addımdır. Dediklərimiz kənardan asan görünə bilər. Ancaq məsələnin mahiyyətinə varanda başa düşülür ki, bunlar nə qədər çətin və məsuliyyətli işlərdir. Bizim kliniki psixoloqlarımız çox azdır.Barmaqla sayılacaq qədər, on-on beş nəfər.

-Çoxları deyir ki, Azərbaycanda psixoloji seanslar çox bahadır. Bu fikirlə razısınızmı?
-Qətiyyən, kökündən yanlış fikirdir. Digər ölkələrlə müqayisə etsək, bunun şahidi olarıq. Çünki bizdə ən baha terapiya saatı əlli manat olar. Ancaq başqa xarici ölkələrdə bu seanslar azı yüz dollardan başlayır. Əsəb dərmanına əlli manat verən şəxsə iyirmi manat çox görünür. Buna görə də,əvvəlcə insanlarda psixoloqa ödəniş etmək anlayışı formalaşmalıdır. Məsələn, bizdə bir çox məşhurlar anonimliyə görə Azərbaycandan kənarda psixoloq axtarırlar. Amma mən sizin vasitənizlə hamıya bildirirəm ki, bizdə anonimlik tam qorunur. Bunun üçün narahat olmağa əsas yoxdur. 

-Azərbyacanda belə bir atalar sözü var: “İnsanın ən böyük dostu da, düşməni də özüdür.” Yəni psixoloqa getsək belə, özümüz sağalmaq istəmiriksə, heç kim bizə kömək edə bilməz . Bununla razılaşırsınızmı?
-Xeyr razılaşmıram. Bunun özü qüsurlu bir yanaşmadır. Onda gəlin məktəbə getməyək, evdə kitab alıb oxuyaq. Evdən cıxmadan bütün işlərimizi özümüz həll edək. Niyə gedirik, əziyyət çəkib kiməsə müraciət edirik. Məsələyə konseptual yanaşmaq lazımdır. Əslində hər bir pasient öz problemini gözəl bilir, sadəcə onun həll yollarını tapmaqda cətinlik çəkir. Psixoloq söz istehsal etmir,amma eyni problemlərlə dəfələrə rastlaşdığı üçün, kiməsə kömək etməyi bacarır. 

-Bəzən insanlardan belə ifadələr eşidirik ki, psixoloqun yanına getmişdim, elə əsəbi danışdı ki, onun özünün mualicəyə ehtiyacı var. Yəni psixoloq da insandır.O necə etməlidir ki,oz xəstəsinə ancaq müsbət təsir göstərsin?
-Belə desək daha doğru olar ki, insanların psixoloqdan gözləntiləri çoxdur. Bir növ ideal insan axtarırıq. Psixoloq əslində sakit danışmağı, səbrlə dinləməyi,insanları sevməyi və sirr saxlamağı bacarmalıdır ki, ehtiyacı olan pasientə kömək etsin, ona müsbət aura verə bilsin. Bu hər bir psixoloq adını daşıyan insanın normativləridir. Psixoloq işinə sıradan bir sahə kimi yanaşmaq olmaz. Əslində psixoloq doğulmaq lazımdır desək, daha düzgün olar. 

-Sözsüz ki, psixoloq coxlu sayda insanların problemi ilə rastlaşdığı üçün özü də xəstəlik tapa bilər. Bəs özünüzü nece qoruyursunuz?
-Deyirlər ki, hamının bir, psixoloqun isə iki psixoloqu olmalıdır. Onun özünün normal bir həyatı olmasa, nece başqa birinə kömək edə bilərki? İnsan birinci özünü tanımalıdır ki,o kimdir, bu həyatdan nə istəyir? Kiməsə yardım və dəstək isə sonra gəlməlidir. Mən şəxsən hər yerdə – toyda, yasda, küçədə, hətta evimdə belə psixoloq olduğumu unutmuram. Bu məsuliyyəti daşıya bilməyənlər öz işlərində çox uzun yol gedə bilmirlər.

Aysel TALIBQIZI / İnform.az

http://inform.az/index.php?newsid=15588

Share to Odnoklassniki