Elnur Rüstəmov: “Çox təəssüf ki, məktəbdə psixoloq ştatında çalışanların çoxu jurnal doldurur, dəftərxana işi ilə məşğuldur”
Ölkədə intihar edənlərin arasında uşaqların sayı heç də az deyil. İntiharla bağlı ayrıca statistika aparılmasa da, canına qıyanlarla bağlı mətbuatda gündəlik yayılan xəbərlər göstərir ki, intihar edənlərin arasında məktəb yaşlı uşaqlar da var. Rusiya, Türkiyə kimi Azərbaycanla qonşu olan dövlətlərdə azyaşlılar, yeniyetmələr arasında intihar hadisələrinin qarşısını almaq üçün məktəb psixoloqlarının üzərinə ciddi məsuliyyət qoyulub. Belə ki, adıçəkilən ölkələrdə məktəblilərin psixoloji durumunu təqib etmək birbaşa məktəb psixoloqlarının üzərinə düşür. Onlar şagirdlərin dərsdə və şəxsi həyatda yaşadıqları uğursuzluq zamanı depresiyaya düşməməsi, yaşadıqları vəziyyətdə çıxmaları üçün məktəblilər arasında sözün əsl mənasında psixoloji iş aparırlar. İnternetin, sosial şəbəkələrin uşaqların həyatına sürətlə inteqrasiyası isə Rusiya, Türkiyə və digər inkişaf etmiş ölkələrdə məktəb psixoloqlarının işlərində məsuliyyəti bir qədər də artırıb.
Azərbaycanda isə məktəb psixoloqlarının fəaliyyəti ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Ölkədə məktəblərin mütləq əksəriyyətində psixoloq olsa da, onların ştatı aşağıdır. Məsələn, 100 şagirdi olan məktəbdə də 1 psixoloq var, 1000, 2000 şagirdi olan məktəbdə də…
Üstəlik, bir çox təhsil ocaqlarında psixoloq kimi fəaliyyət göstərən insanlar da psixoloq deyillər. Ekspertlər də orta məktəblərdə psixoloq çatışmazlığının gənclər arasında mövcud psixoloji durumu təhlükəli həddə çatdırdığını söyləyirlər.
Təhsil üzrə ekspert Əjdər Ağayev deyir ki, Azərbaycanda orta məktəblərdə psixoloq çatışmazlığı olmaqla yanaşı, ştatda olan psixoloqların qeyri-peşəkarlıq problemi var: “Məktəbdə psixoloq kimi çalışmaq məsuliyyət tələb edən bir işdir. Həmin psixoloqun ayrıca jurnalı olmalı, hər bir uşaqla bağlı qeydləri öz əksini tapmalıdır. Amma bizim məktəblərdə bu məsələdə durum heç də ürəkaçan deyil. Məktəblərdə psixoloq kimi çalışanların çoxunun psixologiyadan anlayışı belə yoxdur”.
Həmsöhbətimiz deyir ki, bu gün məktəblərdə psixoloq ştatı ilə bağlı çoxsaylı problemlər var: “Məktəblərdə psixoloq çatışmazlığı var. Elə məktəblər var ki, psixoloq fəaliyyət göstərsə də, məktəbdə təhsil alan şagirdlərin sayı ilə müqayisədə, psixoloq ştatı üzrə çalışanların sayı çox azdır. Bəziləri bir illik ixtisasartırma kursunu bitirdikdən sonra məktəbdə psixoloq kimi çalışmağa başlayır. Elə məktəblərimiz var ki, orada psixoloq var, amma psixoloji xidmət yox səviyyəsindədir. Ona görə də, məktəblərdə tez-tez müəllim–şagird, müəllim-valideyn, valideyn-uşaq arasında konfliktlər yaranır. Halbuki, məktəbin psixoloqu uşaqlarla vaxtaşırı söhbət aparmalı, valideynlərlə görüşməli, uşağın evdə yaşadığı problemdən də xəbərdar olmalıdır. Bizdə isə məktəblərdə psixoloqlar hansı uşağın psixoloji durumunun hansı vəziyyətdə olduğundan xəbərləri belə yoxdur”.
Ə. Ağayev deyir ki, məktəblərdə ixtisaslı psixoloqların sayının artırılmasına ciddi zərurət var. Eyni zamanda müəllimlərin əmək haqqı ilə bağlı görülmüş stimullaşdırıcı tədbirlərə psixoloqlar da əlavə olunmalıdır: “Hazırda isə məktəb psixoloqları bu prosesdən kənarda qalıblar. BDU-da psixoloq ixtisası üzrə kadr hazırlığına ciddi fakir verilməlidir. Çalışmaq lazımdır ki, məktəbdə bu ştatı peşəkar, ixtisaslı kadrlar doldursun”
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov da problemin olduğunu, əksər məktəblərdə psixoloq ştatının boş qaldığını söyləyir. Yaranmış problemi aradan qaldırmaq üçün C. Valehov nazirliyin layihələr həyata keçirildiyini də söyləyib.
Psixoloq Elnur Rüstəmov isə deyir ki, məktəblərdə psixoloq ştatının boş qalmaması xətrinə həmin ştatlara işçilərin cəlbi problemi aradan qaldırmayacaq: “Məktəblərdə sözün əsl mənasında psixoloji işin aparılmasına ehtiyac var. Bəli, bu gün rayonlarda, ən ucqar kəndlərdə belə məktəbdə psixoloq ola bilər. Amma onların çoxu bir illik ixtisasartırma kursunu keçən müəllimlərdir. Hansı ki, çoxu iş olmadığından, məktəbdə boş vakansiyaya uyğun ixtisasartırma kursuna göndərilib. Belə psixoloqların fəaliyyəti məktəblərdə hiss olunmur. Əsas problem, onların ixtisasartırma kursundan sonar peşəkar psixloq kimi yetişdirilməsidir. Ona görə də, psixoloqların hazırlanmasına diqqət yetirilməlidir”.
E. Rüstəmov deyir ki, bu gün məktəb psixoloqlarının əksəriyyəti yaş qrupları üzrə psixoloji iş aparmağı bacarmır. Hansı ki, psixoloji xidmət uşaqlar üçün bir cür, yeniyetmələr üçün başqa formada aparılmalıdır: “Çünki, onların problemləri yaşlarına görə müxtəlifdir. Onların yaş qrupuna görə, metodik göstərişlər var. Orta məktəblərdə çalışan direktorlar da onlardan işi tələb etməlidirlər. Çox təəssüf ki, məktəbdə psixoloq ştatında çalışanların çoxu jurnal doldurur, dəftərxana işi ilə məşğuldur. Ona görə də, uşaqların problemləri də artır. Məktəb psixoloqlarının çoxu məktəbdə hansı uşağın psixoloji durumunun hansı vəziyyətdə olmasından xəbərsizdir. Davranış pozuntusu olan uşağın sinifdə olması sinifdə atmosferi poza bilər. Ona görə də, psixoloq həmin uşaqda psixoloji durumu öyrənməli, lazımdırsa valideynlə görüşməlidir. Amma əksəriyyətinin psixoloji bilikləri, uşaqlarla işləmək bacarığı lazımi səviyyədə deyil”.
Məktəb yaşlı uşaqların, yeniyetmələrin intihara əl atmasına gəlincə, Ə. Ağayev deyir ki, uşaqlar bu həddə çatanadək psixoloji iş aparılarsa, uşaqların intiharının qarşısı alınar: “Təbii ki, heç kəs birdən-birə özünəqəsd həddinə çatmır. Buna qədər həmin insan müəyyən problemlər yaşayır. Uşaqlarda da belədir. Ona görə də, uşaqların, yeniyetmələrin psixoloji durumları izlənilməlidir. Bu isə məktəb psixoloqlarının üzərinə düşən vəzifədir”.
E. Rüstəmov da deyir ki, məktəb psixoloqu şagirdlə psixoloji iş aparsa, onun psixoloji durumu intihar etmək həddinə gəlib çatmaz: “Bu cür hadisələrin yaşanmaması üçün onlarla öz yaşlarına və problemlərinə uyğun şəkildə söhbət aparmaq lazımdır”.
Zülfiyyə Quliyeva
http://www.movqe.az/65018.html