Hipomaniya

pmd

Hipomaniya, insanın psixoloji və somatik olaraq normadan artıq əhvalın müşayiət olunduğu, lakin maniya qədər şiddətli olmayan ruhi vəziyyətdir. Bu hal ən azı 4 gün, mütəmadi davam edən əsəb və ya sevinc ataklarının əvəzləndiyi fərqli əhval mərhələlərinin ifadə şəklidir.

Qeyd olunan diaqnozun qoyulması üçün aşağıda göstərilən simptomlardan ən azı 3 və ya 4-nün olması mütləqdir: özünüqiymətləndirmənin hədsiz artması və ya özünü böyütmə (bu hal normal vəziyyətdə də müşahidə oluna bilər, lakin hipomaniya halında əlamət şiddətli şəkildə ifadə olunur, hətta şəxsin nitqi, oturuşu, duruşu və fikirlərində də əks olunur) sayıqlamalarının olması. Məsələn: heç vaxt şeir yazmayan insanın “elə gözəl şeirlər yazıram ki, bütün bəstəkarlar mənimlə çalışmaq istəyir” və ya hansısa şirkətdə texniki işçinin “rəhbərin bildiyi hər şeyi mən öyrətdim” kimi ifadələri işlətməsi kimi…

Yuxu tələbatında azalmanın müşahidə olunması: gecə 2-3 saat yatır, amma gün ərzində qətiyyən yorğunluq hiss olunmur, hədsiz aktiv vəziyyətdə işini davam etdirə bilir. Növbəti gün yuxu ehtiyacı hiss etmir.

Çox danışmaq: normal vəziyyətindən fərqli olaraq qabarıq şəkildə danışma miqdarı artır. Səs tonu daha yüksək və kəsilməz şəkildə olur.

Fikir dağınıqlığı, düşüncənin sürətlənməsi: düşüncə vulkanı vəziyyətindədir. Yeni planlar, layihələr, gündəlik həyata dair detallar düşünür, lakin bir mövzuya fokuslana bilmir, hər hansı vasitəni düşünərkən beyninə gələn digər düşüncəyə yönəlir.

Diqqət defisiti: bir mövzuya fokuslanmağa çalışarkən, fərqli siqnal nəticəsində digərinə istiqamətlənmə. Əvvəlki mövzuya qayıda bilmir. Zehni asanlıqla qarışır.

Məqsədə yönəlik fəaliyyəti artırma (bacara bilməyəcəyi işlərə başlamaq, cinsi fəaliyyətin artması…) və ya psixomotor fəallıq (asanlıqla konfliktə daxil olma, gərgin şəkildə müxtəlif təkrarlanan hərəkətlər etmək). Neqativ nəticələrin ortaya çıxma ehtimalı yüksəkdir, zövq verən fəaliyyətlərə hədsiz dərəcədə daxil olma ehtiyacı var (nəzarət olunmayan fəaliyyət, sürətli maşın sürmək, riskli idman növlərinə yönəlmə) Bu əlamətlər yaşanarkən, insanın işini yerinə yetirməsi, sosial münasibət yaratma bacarığında, əvvəlkinə əsasən ətraf tərəfindən görünən tərzdə dəyişiklik ortaya çıxır. Lakin bu pozuntu və ya dəyişiklik, maniyadakı kimi şiddətli olmur. Peşə fəaliyyətində, sosial tədbirlərdə və ya digərləri ilə yaranan münasibətlərdə müşahidə olunan pozuntuya şərait yaradacaq, özünə və ya başqasına zərər verməsinin qarşısını almaq üçün xəstəxanaya yatırmağa ehtiyac duyulacaq qədər ağır deyil. Hipomaniyada, maniyaya bənzər səslər eşitmək, xəyal görmək, ona qarşı neqativ hərəkətlər törənəcəyi ilə bağlı qəti inanclar, mənəvi güclərin ona təsir etməsiylə bağlı sayıqlamalar, xüsusən də reallıqdan uzaq psixotik əlamətlər müşahidə olunmur.

Hipomaniya depressiya səbəbiylə, antidepressant istifadə edən insanlarda müşahidə oluna bilər. Bu halda həmin preparatın qəbulu saxlanılmalıdır. Bir çox hallarda dərmanın kəsilməsiylə vəziyyət tam korreksiya olunur. Lakin hipomaniyanın bu tərzdə hipomaniya olaraq qalıb daha sonra təkrarlanmayacağına dair zəmanət yoxdur. Sürətlə inkişaf edib xəstəxanaya yatışla nəticələnən maniya tablosuna da çevrilə bilər. Buna görə də hipomniya, təcili psixiatrik vəziyyətdir, dərhal mütəxəssis yardımı alınmalıdır. Maddə istifadəsi, metobolik vəziyyət və ya hər hansı beyin travmasının olması şəxsdə ilk dəfə ortaya çıxan hipomaniya tablosuna gətirib çıxara bilər. Bipolyar pozuntunun bir hissəsi olaraq da depressiya ataklarıyla yanaşı hipomaniya da müşahidə oluna bilər. Terapiya isə insanın şəxsiyyət tipindən, xarakter xüsusiyyətindən asılı olaraq dəyişə bilər.

Nərmin Quliyeva
Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi

Share to Odnoklassniki