Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun Aile.lent.az-a məqaləsini təqdim edirik. Psixoloq bir neçə gün öncə iki körpə balasını boğan, sonra özünü öldürən qadının psixoloji xəstəliyi haqqında yazıb.
“Bakının Sabunçu rayonunda görünməmiş vəhşilik baş verib. İkinci Albalı bağ massivində yaşayan 1988-ci il təvəllüdlü Nəsibə Nəsib qızı Qurbanova evdə tək olarkən iki körpə balasını boğub öldürüb. Qadın daha sonra öz ürəyinə bıçaqla zərbə yetirib…” Bu xəbər sürətlə mediada, sonra bütün ölkədə yayıldı. Ana da yazıq oldu, bala da, hələ həyat yoldaşı, qohum-əqrəba da…
Nə baş verir? Bir ana hansı səbəbdən övladlarının həyatına son qoymalıdı? Xəbərin sonunda Nəsibə Qurbanovanın əsəb xəstəsi olduğu ehtimal edilirdi. Məhz ehtimal… Psixoloji problemə biz çox zaman faciə yaşanmayana qədər ciddi yanaşmırıq. “Keçib gedər” düşüncəsi ilə hərəkət edirik. Nəticədə zaman keçir, problem həll olunmur və belə faciə yaşanır. Yəqin istintaq qrupu faciə ilə bağlı təhqiqat aparır. İşə böyük ehtimalla psixiatrlar da cəlb olunacaq. Çünki xanımın problemi daha çox psixiatrik problemə bənzəyir.
Bu durumdan əziyyət çəkən tək Nəsibə xanım deyil. Gündəlik işimizdə də biz belə halların yüngül forması ilə tanış oluruq. Tutaq ki, xanımlar, yaxud bəylər “mətbəxdə bıçaq görəndə oradan qaçıram. Ümumiyyətlə, bıçaqları gizlədirəm. Qorxuram bıçağı götürüb uşaqlarıma, yaxud yoldaşıma xəsarət yetirərəm”, – kimi şikayətlər edirlər. Qeyd etdiyim sıradan bir misal idi. Uzatmaq da olar. Məsələn, “uşağımla eyvana çıxmıram, qorxuram onu aşağı buraxaram”. Bunları sadalamaqda məqsədimiz ayrıdır – bu problemin adını və onun haqqında bəzi məlumatları sizlərlə paylaşmaq. Psixologiya və psixiatriyada bu narahatlıq imperativ xarakterli hallüsinasiyalar adlanır.
Verbal yalan, təlqin və ya əmr xarakterli hallüsinasiyalar imperativ hallüsinasiya adlanır. Əsasən, təhlükəli, ziyan vermə xüsusiyyətinə malik olan absurd məzmunlu, qarşı tərəfə yönəlmiş narahatlıq kimi xarakterizə edilir. Belə hallarda insan kənar şəxs tərəfindən ona müəyyən əmrlərin verildiyini, başında səslərin eşidildiyini qeyd edir. Məsələn, özünə və ya kiməsə balta, hansısa soyuq alətlə xəsarət yetirmək, heyvan və ya mənzil yandırmaq üçün müəyyən əmrlər aldığını söyləyir.
Belə vəziyyətdə olan insanların bir qismi vəziyyətləri barədə danışarkən qeyd edirlər ki, yaxınlarına hücum etməklə, onlara ziyan vurmaqla bağlı əmrlərdən ciddi şəkildə narahat olur və qorxurlar. Bəzən onlar belə hallarda özləri üzərində nəzarəti itirirlər. Həmçinin, imperativ hallüsinasiya zamanı əmrlər insanın özündən deyil, ikinci şəxs tərəfindən verilir. Əksər hallarda bu tip hallüsinasiyaların dərəcəsi yüksək motivasiyaya malik olur və həmin durumda olan insan ona verilən əmr gücünü heç nə ilə müqayisə edə bilmir. Ona görə də onlar affekt halında prosesə müqavimət göstərmək iqtidarında olmurlar. Çox zaman belə hallarda onlar düşdükləri məkandan uzaqlaşmağa, qaçmağa çalışırlar. Əgər bunu bacarsalar…
Təcrübə göstərir ki, imperativ xarakterli hallüsinasiyalara az-az rast gəlinir. Yəni geniş yayılmayıb. Bəzi hallarda isə səslənən əmrlər dərrakəli və səmərəli olur.
Səbəbləri
Məlumdur ki, imperativ hallüsinasiyalar fərqli xəstəlik olaraq təsnif edilmir, əksər hallarda ciddi ruhi xəstəliklər və xüsusən də şizofreniyanın simptomatikasına daxil edilir. Statistikaya əsasən, şizofreniyalı xəstəliklərdə imperativ hallüsinasiyaların yayılma dərəcəsinin orta göstəricisi 53% təşkil edir. 30% xəstədə imperativ hallüsinasiyalar şəxsi tam olaraq özünə tabe etdirir. Hallüsinasiyaların məzmunu təsir dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, əgər pasiyent neqativ xarakterə malik olan mənasız və dağıdıcı əmrlər eşidirsə, bu zaman katatonik sindromla (bir nöqtəyə uzun müddət baxmaq) şəxsiyyətin dezorqanizasiya vəziyyəti müşahidə olunur. Katatonik impulslar görünməz və avtomatik şəkildə baş verə bilər.
Müalicəsi
İstənilən tip hallüsinasiyanın müalicə prosesi ümumi, dəqiq müayinədən, xəstəliyin üzə çıxarılmasından, imperativ hallüsinasiyaların səbəblərinin araşdırılmasından başlanır. Mütəxəssislər terapiya zamanı dərmanla paralel daha çox koqnitiv terapiyadan istifadə edirlər. Psixoloji konsultasiya imperativ hallüsinasiyaların təkrarlanmasının və şiddətinin azalmasına kömək edir.
Özümüzü qoruyaq, bu qədər informasiyadan, başı salamat saxlamaq da bir qəhrəmanlıqdı.
Hər birinizə psixi sağlamlıq və təhlükəsizlik arzusu ilə…
Elnur Rüstəmov
Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq
http://aile.lent.az/read/11637