Azərbaycan cəmiyyəti faciəyə necə hazırdır?

10285705_339411436230032_8375550066191009358_o

Təbii fəlakətlər və fövqəladə hallar baş verəndə müxtəlif ölkələrdə insanlar bu cür hadisələrə tamam fərqli reaksiya göstərir. Psixoloqların rəylərini əsas gətirərək vurğulamaq olar ki, təbii fəlakət və digər faciələrdən sonra cəmiyyətdə insanların nisbətən soyuqqanlılıq göstərməsi həmin zaman yarana situasiyanın müsbət istiqamətdə dəyişməsinə rəvac verir.

Mayın 19-da Bakıda baş verən yanğın faciəsindən sonra bizim cəmiyyət bu cür hadisələrə nə dərəcədə hazır olduğunu göstərə bildimi? Modern.az saytına bu barədə açıqlama verən psixoloq Elnur Rüstəmovun fikrincə, Azərbaycan xalqının üzləşdiyi faciə cəmiyyətdə çox böyük ajiotaja səbəb olub. O,  təəssüf hissi ilə qeyd edir ki, hələ ki insanlarımız bu cür hadisələrdə necə davranmalı olduqlarını bilmirlər: Çox böyük faciədir. Heç kim belə hadisələrdən sığortalanmayıb. Bu hər birimizin yaşadığımız binada ola bilərdi. Amma çox təəssüf ki, bununla bağlı çox böyük ajiotaj yaratdılar. Sanki hamı münasibət bildirməyə məhkumdu. Hətta o qədər ajiotaj yaranmışdı ki, avtomobillərini saxlayıb şəkil çəkirdilər, başqa binalarda, üzlükləri sökməyə başladılar. Bizim insanlar bu cür hadisələrdə necə davranmaq lazım olduğunu bilmirlər. Başa düşürük, bu bir faciədir, gərginlik və narahatlıq var. Amma biz o ajiotajı yaratmaqla daha çox özümüzə psixoloji zərbə vurduq. İndi hər gün insanlar işə gedən zaman narahat olurlar ki, birdən onların da binasında yanğın, digər  xoşagəlməz hadisələr baş verə bilər”.

Elnur Rüstəmov qeyd edir ki, yanğın faciəsindən sonra insanlar azacıq da olsa, soyuqqanlılıq göstərsələr bu ümumi işin yalnız xeyrinə ola bilərdi: “Məsələnin bu dərəcədə qabardılması onlarda müəyyən psixoloji problemlərə səbəb oldu. Daha çox narahat olmağa, gərgin olmağa başladılar. Amma bu cür proseslərdə hər kəsin bacardığı qədər soyuqqanlı olması lazımdır. Həm də psixoloji yardım faciədən bir müddət sonra göstəriləndə daha effektiv olur. Çünki indi onlar öz problemləri ilə, yəni yerləşmək, yaxınları rəhmətə gedənlər isə yas mərasimlərini yola verməklə məşğuldurlar. Bu zaman onlara psixoloji yardım etmək o qədər də effektiv olmur. Əksəriyyət şok vəziyyətindədirlər. Müvafiq qurumlar bu arada daha səmərəli kömək edə bilərlər, nəinki hər hansı bir psixoloq.

Digər tərəfdən, hadisə günü psixoloq və psixiatr qrupu zərərçəkənlərə ilkin psixoloji yardım göstəriblər. İndi də psixoloqlar bu dəstəyi göstərirlər. Bir müddət sonra artıq birbaşa hadisəni yaşayanlara konkret psixoloji dəstək vacibdir ki, gələcəkdə problem fəsadlaşmasın. Amma onu da qeyd edək ki, faciə zamanı kənar insanlar da psixoloji travmalar aldılar. Biri gecə oyanıb qazı yenidən yoxlayacaq, o biri pəncərəsindən binaya baxacaq ki, görüm bəlkə nəsə bir fəlakət yoxdu ki, digərinin qulağı səsdə olacaq və s. Amma bu dərəcədə ajiotaj yaratmağa ehtiyac yoxdur. Buna post-dramatik stress deyirlər. Yəni stressdən sonra yaşananlar.  Peşəkar psixoloq bilir ki, o yardımını nə zaman etməlidir.

Elnur Rüstəmov sonda hədsiz ajiotajın, emosional reaksiyanın faydalı iş əmsalına təsirini də qeyd  edir.

Psixoloq soyuqqanlılığa çağırışla bərabər, təəssüf hissi ilə sosial şəbəkələrdə bu hadisədən süni yararlananlardan da danışıb:

“Bu faciədən az qala sui-istifadə etmək istəyən insanlar da oldu. Məsələyə bu cür yanaşma doğru deyil. Mən yanğın olan yerdə olmuşam, insanların acılarını, nə yaşadıqlarını da müşahidə etmişəm. Bu mənim vətəndaşlıq borcumdu. Təəssüflər olsun ki, bəzi insanlar sosial şəbəkələrdə o qədər qabağa getdilər ki, bizi bizim bədnam qonşularımızla müqayisə belə etdilər. Bu, etik dəyərlərə nə qədər uyğundur? Doğurdanmı, onlar bu hadisəyə bizdən çox heyfsilənirlər? Bu cür situasiyada insanlarımız bir az soyuqqanlı olmalıdırlar. Soyuqqanlı olduğu surətdə problemdən çıxış yolunu daha tez tapmaq olar. Bu hadisədən öz maraqları üçün istifadə etmək istəyən insanlar oldu. Bu, doğru davranış deyil. Bu cür hadisələr insanları birləşdirməlidir. Amma biz gördük ki, maraqlar toqquşdu. Bu isə heç də doğru deyil!”

Elmin NURİ

http://modern.az/articles/77922/1/

Share to Odnoklassniki