“Hadisəni canlı yaşayan insanlara psixoloji dəstək vacibdir”

  • Home
  • Müsahibə
  • “Hadisəni canlı yaşayan insanlara psixoloji dəstək vacibdir”
1782309_848172515214365_7304562934400471507_o

Bu sözləri GSR.fm-ə Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov may ayının 19-u Azadlıq prospekti, 16 mərtəbəli binada baş verən yanğının insanların psixologiyasına təsiri haqqında danışarkən bildirib.

Elnur Rüstəmovun sözlərinə görə, baş verən bu faciə insanların psixologiyasında çox böyük izlər buraxıb və bu bir müddət davam edəcək. Bu psixoloji hal isə Posttravmatik Stress Pozuntusu adlanır:

“İnsanlarda Posttravmatik Stress Pozuntusu (PTSP), təşviş, həyəcan pozuntusu müəyyən mənada arta bilər, çünki adətən bu cür hallarda insanların həssaslığı artmağa başlayacaq, yuxu sisteminə müəyyən təsirləri olacaq. Hadisəni canlı yaşayan insanlara faciə  başqa cür təsir edəcək. Sadəcə onlara psixoloji dəstəyin göstərilməsi çox vacibdir.  Eyni zamanda kənarda olan insanlarda da təşviş, həyəcan arta bilər, PTSP-nin qalıqları və insanların narahatçılığı ola bilər. Mən düşünürəm ki, xüsusən, meteohəssas insanlarda müəyyən psixoloji hallar yarana bilər. Ona görə də profilaktik tədbirlər  görmək lazımdır. Məsələn, insan görür ki, onda bu təşviş, həyəcan ifrat formadadır, məsələn uşağından ayrı qala bilmir, yaxud yata bilmir, pəncərədən binanın yanıb-yanmadığına tez-tez baxır və s. bu zaman çox yaxşı olardı ki, psixoloji dəstək alsınlar və bu proses tənzimlənsin. Əks halda bu proses onların ətrafa, ailəyə münasibətinə mənfi təsir edə bilər.”

Psixoloq həmçinin, bu cür vəziyyətlərdə insanların yaxınlarının da dəstəyinin vacib olduğunu vurğulayır. O bildirir ki, yaxınları həmin insanlarla canlı ünsiyyət qurmalı, onlarla çox vaxt keçirməli və peşəkar dəstək almalıdırlar:

“Əslində bu cür hallarda psixoloqa müraciət etmək lazımdır. Yaxınlar da dəstək göstərir, ancaq peşəkar dəstək ayrıdır. Çünki peşəkar dəstək problemin tez bir zamanda həllinə kömək yaradır. Məsələn, siz evdə idman etməyə ləvazimatlar alırsınız. Bir də var idman salonuna getmək. Harda daha yaxşı idman edə bilərsiniz? Təbii ki, idman salonunda. Niyə? Çünki onun təsiri, effekti daha yaxşıdır. Orada məşqçi var, sizi yönləndirir. Peşəkar psixoloji dəstək də belədir. Əlbəttə ki, o faciəni yaşayan insanlar üçün yaxınların psixoloji dəstəyi birinci növbədədir”.

Elnur Rüstəmov belə hallarda insanların reaksiyalarından da danışır. Eyni zamanda insanların bu cür hallarla bağlı maariflənməyə ehtiyacı olduğunu da qeyd edir:

“Ümumiyyətlə, kritik situasiyalarda, kəskin stress və həyəcan vəziyyətlərində insanların reaksiyası iki formada olur. Bir qisim insan donuq olur. Bir qisim insanlarda isə oyanıqlılıq artır. O insan başlayır əl-ayağa düşməyə, ora-bura qaçır. Bəs bu cür situsasiyalarda maariflənmə nə üçün lazımdır? Həmin hadisə zamanı özünü atanlar da olub. Praktika da göstərir ki, yanğın zamanı özünü pəncərədən atanlar daha çox olur. Yəni bu yanğının özünün spesifikliyindən qaynaqlanır. Ona görə mən düşünürəm ki, insanlar bu barədə maariflənsinlər. Yəni yanğındırsa, çalışmaq lazımdır ki, orda daha çox sudan istifadə edilsin. Dəsmalı yaş edib onunla nəfəs alsınlar və s. İnsanlar yanlış olaraq, belə vaxtlarda çölə qaçırlar. Əgər onlar bu cür vəziyyətlərdə maariflənsələr, doğru hərəkət edərlər”.

adil qeybullaYanğın zamanı insanların necə ilkin tibbi yardım ala bilmələri haqqında isə tibbi ekspert Adil Qeybulla GSR.fm-ə fikirlərini bildirib. Tibbi ekspertin sözlərinə görə, zəlzələdə olduğu kimi, yanğında da insanlar panikaya düşməməlidirlər. Bu panikaya düşmək insanları əlavə fəsadlarla üzləşdirir. Onun sözlərinə görə, yanğın zamanı itkilərin və yanıqların çox olması insanların düzgün davranmaması nəticəsində olub. Ona görə də insanlara ilk tibbi yardım bacarıqlarını öyrətməyi daim təmin etmək lazımdır:

“İlk tibbi yardımın əsas cəhəti ondan ibarətdir ki, zərərverici amilin sonrakı təsiri orqanizmdə aradan qaldırılsın. Yəni, yanan adamı dərhal yanmayan bir zonaya keçirmək, onu mütləq adyalla örtmək lazımdır ki, o sönsün. Evdə olan halda yanan yerlərə müxtəlif məlhəm vuraraq, tənziflə sarımaq lazımdır.

Yanğına qədər insanlar nə etməlidirlər? Əgər belə bir hadisə baş veribsə, mümkün qədər nəfəsliklər bağlanmalıdır. Çünki yanma məhsulları, xüsusilə də, poliuretanın natamam yanma məhsulları var ki, zəhərlidir. Onların evə daxil olmasının qarşısını almaq lazımdır. Bu, əsas şərtdir. Çox adam  da bundan zəhərlənib. Pəncərə və nəfəslik açıq olub, yanma məhsulları evə daxil olub və tədricən zəhərlənmə baş verib. Həmin insanlar huşunu itirib, yanıb və həlak olub. Yaxşı olar ki, əgər evdə oksigen balonu varsa, ondan istifadə olunsun. Yoxdursa, hamama və daha çox tüstü daxil olmayan yerlərə keçilsin, bir müddət gözlənilsin. Ola bilər xilasedicilər gəlib onu çıxartsın  yaxud təlimatlar verilsin. O təlimatları gözləmək lazımdır.Təlimatsız hərəkət eləmək düzgün deyil. Xüsusilə hamilə qadınları, uşaqları, yaşlı insanları ilk olaraq təhlükəsiz yerə keçirtmək şərtdir.

Adil bəyin sözlərinə görə, ev şəraitində əski parçası, respirator varsa, ağız yollarını onunla örtmək lazımdır. Həmçinin, insanların onlara verilən təlimatlara riayət edilməsi haqqında da bunları söyləyir:

“Koridora çıxmaq, qaçmaq və s. kimi müxtəlif hallar edilməsə, təlimatlar gözlənilsə, daha yaxşı olar. Xüsusilə də, yanğınsöndürənlər insanların  evakuasiyasını həyata keçirən zaman onların təlimatlarını yerinə yetirməlidirlər. Əgər bu şərtlərə əməl olunarsa, əlbəttə ki, bu cür proseslər də az olar. Bu yanğın poliuretandan baş verib. Ancaq  yanğın elə bir şeydir ki, hər şeydən baş verə bilər. Məsələn, görürük ki, qısaqapanma zamanı ev yanır, içəridə uşaqlar həlak olur. Yəni bu cür hadisələri çox yerdə müşahidə edirik. İnsanlar bu cür hallarda ilkin tibbi yardım göstərməyi öyrənməlidir. Yaxşı olardı ki, bunları artıq başa düşən uşaqlara da öyrətmək, həmin situasiyada necə hərəkət etməyi göstərmək ki, bundan  mümkün qədər az  zərər görülsün.

Sonda isə ekspert cəmiyyətdə bu cür hadisələrlə bağlı kifayət qədər maariflənmənin olmaması və insanların emosional davranmağı barəsində danışır:

“Binadakı hadisələr göstərir ki, insanlarda bu barədə kifayət qədər maariflənmə yoxdur. Məsələn, özünü atan oğlan. Ola bilər ki, o düzgün hərəkət etsəydi, sağ qalardı. Çünki  elə hündür binadan özünü kor-koranə atan adamın sağ qalma ehtimalı  çox aşağıdır. Yəni, bu cür emosional yanaşmaq, panikaya düşmək lazım deyil. Çünki panikaya düşməkdən daha çox itkilər baş verir. Mən hesab edirəm ki, insanlar daha çox emosional yox səbrli davransın. Bizim millətdə emosionallıq çoxdur. Ancaq  bu cür hallarda emosionallığın özü insan səhhətinə ziyandır. İnsanların səhv qərar vermələrinə gətirib çıxarır. Ona görə də insanlar səbrli davranmalıdır. Çünki baş verən obyektiv hadisə bizim iradəmizdən asılı deyil. Biz sadəcə bu hadisənin fövqündə ondan az zərər görmək, daha az itki ilə çıxmaq barəsində düşünməliyik. Yəni, burada hədəf məhz  bu olmalıdır”.

http://gsr.fm/hadiseni-canli-yasayan-insanlara-psixoloji-destek-vacibdir/

Share to Odnoklassniki