Boğulmaq da olmur, dayazdı dünya
Salam Sarvan
Yer kürə formasındadır. Daim fırlanır. Davranış və hərəkətlərində narsistlik əlamətləri müşahidə olunur. Nə təhər özünə vurulubsa bir yerdə qərar tuta bilmir, başı gicəllənir. Bu gedişlə çətin ki, dayana. Zatən dayansa axırımız olacaq. Dayanmayacaq. Bizə görə yox, özünə görə. Narsizmdən əziyyət çəkir. Nə qədər ki başı öz xəstəliyinə qarışıb, dayanmayacaq. Deməli, bu cəhətdən özümüzü şanlı hesab edə bilərik, yaxud bilərdik. Dünənə qədər. Çünki, günümüzdə bu xəstəlik artıq biz insanlara da sirayət edib. Birbaşa da olmasa dolayı yolla. Xüsusən insanın özü haqqında informasiya vermək imkanının bol olduğu müasir dövrdə.
Cəmiyyət sürətlə dəyişir. O cəmiyyətdə yaşayan insanlarda. O insanların daxili ruh halı da sürətlə dəyişir. Sadəcə bu dəyişmə o dəyişmədən deyil. Bu dəyişmə uşaq vaxtı bir yerdə fırlanıb sonra dayanıb, başımızın gicəlləndiyindən “zövq” aldığımız gicəllənməyə oxşayır. Ürək bulanma verir. Analogiyanı başqa formada da aparmaq olar; yaxşı yeyib-içəndən sonra baş fırlanması kimi. Sadəcə etik olmadı deyə detallı yazmadıq. Ancaq doğrudan adamın ürəyi bulanır. Informasiya çoxluğundan, insanların laqeydliyindən, özgələşməyindən, yadlaşmağından. Bəli, informasiya bizi işğal etdi. Istəmədən onun köləsinə keçirildik. Sosial şəbəkədə, internetin özündə belə daim yeni nələrsə eşitmək istəyirik, gözləyirik. Öncələrdə bunu məqsədli şəkildə, nəyisə öyrənmək üçün edirdiksə, bugün internet özü bunu sənə istədiyi formada, hazır şəkildə təqdim edir. Sənə isə o informasiyanı sadəcə beyninə yükləmək qalır. Istəməsək belə reallıq budur. Ruh halın pozulur, yaxud yaxşı olur. Bizə yalnız ona “münasibət” bildirmək qalır. Əslində baş verənlər bizə primitiv, dayaz bir hadisə kimi görünə bilər. Ancaq inanın həqiqət elə özü bu dayazlıqdadır. Görürük, ancaq özümüzü görməmizliyə qoyuruq. Heçnə olmamış kimi davranırıq. Özümüzdən başqa sanki hərkəs günahkardır. Bizdən başqa hərkəs pisdir. Ramiz Rövşənin bir şerində deyildiyi kimi;
Sağımız-solumuz adamla dolu,
Qol-qola kişilər, qadınlar keçir.
Özündən xəbərsiz ömründə min yol
Özünü öldürən adamlar keçir.
Keçir öz qanına batan adamlar,
Bir də ki, qan hanı?
Qan axı yoxdu…….
Hamı günahkardır dünyada,
amma
Dünyada heç kəsin günahı yoxdur.
Bir deyim var; “Axırımız necə olacaq?” Hər şey sürətlə keçir. Tutub saxlamaq olmur. Deyirik, gülürük, ağlayırıq, əsəbiləşirik. Kənardan baxan olsa, kütləvi psixozdan əziyyət çəkdiymizi də düşünə bilərlər. Şəhərdə müşahidə kameralarının özünü müşahidə edənlər bu durumu yaxşı anlayacaqlar.
Ətrafımızda bütün baş verənlər bizdən bir daha ruh halımızı sağlam saxlamağı tələb edir. Insanın tapındığı dəyər olmalıdır. Elə bir dəyər ki, ona inanıb yaşaya bilsin. Həyat hər addımda düşüncəmizə əks arqumentlər qoyur. Bəlkə bunu biz özümüz edirik, sadəcə məsuliyyəti həyatın, başqalarının üzərinə atırıq. Inanmaq istəyirik; sevdiklərimizə, dəyər verdiklərimizə, hər şeyə. Tutub saxlamaq istəyirik. Sürüşür, axıb gedir. Hara qədər? Bilinmir. Bütün hallarda doğru bildiklərimizə, insana, insanlığa ziyan verməyən şeylərə inanmağımız lazım. Önəmli olan inanmaqdır. Təəsüf ki, bugün insanı daha çox şübhələri, qorxuları idarə edir. Insan nəyəsə tapına bilmir. Istər mənəviyyat, istərsə də yaşamla bağlı ziddiyətli fikirlər hər zaman olub. Problem bütün zamanlarda olub. Istər mənəvi, istərsə də maddi baxmından.
Ailə, problem hər zaman olub. Sadəcə insanlar problem həll etməyə, onu aradan qaldırmağa, bu mümkün olmadıqda ən azında susmağa çalışırdılar. Bugün isə “Oğru elə bağırdı ki, doğrunun bağrı çatladı”nın şahidi oluruq. Dünən gizli etdiyimizi, bugün aşkar edirik, dünən içimizdə sevdiklərimizi, bugün aşkar sevirik. Insan psixologiyası mürəkkəbdir, ziddiyətlidir. Yazıldığı qədər də yazılmayan, araşdırılmayan kifayət qədər istiqamətləri var. Insan hər şey düşünə, xəyal edə bilər. Yetər ki, zərərli olmasın, kimsənin həyatına zərər verməsin.
Fərqlənmək istəyi az qala axırımıza çıxıb. “Like” lardan asılı qalmışıq. Daha çox təəcübləndirmək istəyirik, təəcüblənmək istəyirik. Nəticədə hər sahədə ifrat yanaşma ortaya çıxır. Qatil də qəddardır, sevən də, sevilən də. Orta xətt sanki itib. Sevəndə də dəli kimi sevirik, ayrılanda da…
İnsan xoşbəxt olmaq istəyir. Nəzərə almaq lazımdır ki, “xoşbəxtlik” insanın tələbatlarının ən optimal dərəcədə ödənilməsi ilə bağlı bir etik kateqoriyadır. Insan idealı axtarır. Bu elə bir haldır ki,bütün imkanların gerçəkləşmiş olur. Insan özünü axtarmalıdır. Özünü axtaran insan xoşbəxtliyi də tapmış olar, bəxti xoş olur.
Elnur Rüstəmov
Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq