Elnur Rüstəmov: “Psixoloji və psixiatrik müayinə üçün xaricə getməyə lüzum yoxdur!”

  • Home
  • Müsahibə
  • Elnur Rüstəmov: “Psixoloji və psixiatrik müayinə üçün xaricə getməyə lüzum yoxdur!”
20

19-24.03.2015 tarixində Rusiyanın  Sankt-Peterburq şəhərində “Qlobal çağırışlar epoxasında psixologiya və psixoterapiya” konfransı keçirildi. Konfransda hər ölkədən peşəkar psixoloqlar və psixiatrlar iştirak edirdilər. Bu önəmli konfransda ölkəmizi Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov və “DÜŞÜNCƏ” psixologiya jurnalının baş redaktoru, psixoloq Vüsalə Ələkbərova təmsil etdilər.  Bugünkü həmsöhbətimiz də məhz Elnur  Rüstəmovdur. Elnur müəllimlə konfransın içəriyi, keçdikləri təlimlər və seminarlar , eyni zamanda ölkəmizdə və  Rusiyadakı  peşəkar psixoloji mühit barəsində söhbət etdik.

-Elnur müəllim,konfransdan hansı təəssüratlarla qayıtdınız?

- Konfransdan gözlədiyimizdən də yaxşı təəssüratlarla qayıtdıq. Bu tip tədbirlər fikir alış-verişi üçün yaxşı  bir vasitədir. Konfrans və tədbirlərdə yenilikləri öyrənməklə yanaşı iştirakçı, həm də eyni məsləkdə çalışan mütəxəssislərlə əyani tanış olur, fikir mübadiləsi aparır. Bu da iş prosesində “yanma sindromu”ndan sığortalanmaq üçün gözəl vasitədir. Bir mütəxəssis nə zaman tükənir?! Yeniliklərdən kənar qalanda, onlarla tanış ola bilməyəndə, öz üzərində çalışmayanda! Ona görə də hər mütəxəssis konfrans, seminar və peşəsi ilə bağlı tədbirlərdə iştirak etməyə çalışmalıdır. Mən bunu daha çox gənclərə tövsiyyə edirəm. Peşəkarlar zatən bunun faydasını yaxşı bilirlər.

- Konfransın gündəliyində nələr var idi və konfrans neçə gün davam etdi?

- Konfrans 4 gün davam etdi. 2 gün məruzələr, 2 gün isə bölmələr üzrə Ustad dərsləri oldu. Konfransın gündəliyində müasir dövrdə psixologiya və psixoterapiyanın inkişaf istiqamətləri, ortaya çıxan problemlər, onların həlli yolları, psixologiya və din arasında inteqrasiya, onun müsbət və mənfi tərəfləri və s. bu istiqamətdə təqdimatlar oldu. Eyni zamanda Peşəkar Psixoterapevtik Liqanın müxtəlif ölkələrdəki nümayəndələrinin məruzələri dinlənildi. Konfransın sonunda Terapevtik Bal keçirildi. Bal daha çox psixoloji oyunlar üzərində qurulmuşdu. Maraqlı idi. Sonrakı 2 gün isə qeyd etdiyim kimi təlimlər oldu. Təlimlərdə də aktiv iştirak etdik.

- Yeni iş birlikləri olacaqmı?

- Şübhəsiz olacaq! Artıq buna start verilib. Məqsədimiz tətbiqi psixologiyanın Azərbaycanda inkişafına çalışmaqdır və bu istiqamətdə konkret işlər görməkdir. Mən hər zaman demişəm, bu gün də o fikirdəyəm ki, Azərbaycanda  psixologiyanın tarixi çox qədimdir. Biz bunu həm şifahi xalq ədəbiyyatında, həmdə yazılı ədəbiyyatda görə bilərik. Eləcə də, XX əsr Azərbaycan psixologiya tarixi də öz zənginliyi ilə seçilir. Məsələ burasındadır ki, XX əsrin sonları XXI əsrin əvvəllərində Azərbaycanda tətbiqi psixologiya geniş vüsət almağa başladı. Əslində nəzəri qaynaqlar olmasaydı tətbiq də olmazdı. Yəni zəngin bazanın olması sahənin az zamanda cəmiyyət tərəfindən qəbul olunmasına rəvac verdi. Sadəcə nəzərə alımaq lazımdır ki, tətbiqi psixologiyanın nəzəri psixologiyadan fərqli xüsusiyyətləri çoxdur. Burada praqmatik yanaşma önə keçir. İnsanlar psixologiyanı real həyatlarına tətbiq etməyə çalışırlar. Bunu faydasını həm fərdi şəkildə, həm də toplum şəklində real həyatlarında görmək istəyirlər. Bir tərəfdən bu gün psixoloqa fərdi konsultasiya üçün müraciətlər var , digər tərəfdən böyük şirkətlər işin keyfiyyətini artırmaq üçün peşəkar psixoloji dəstəkdən istifadə edirlər. Bu çox sevindirici haldır.

Nəzərə almaq lazımdır ki, bu birdən-birə yaranmayıb. Aparılan işlər nəticəsində mümkün olub. Depressiya, fobiya, obsessiya, isteriya dünəndə var idi, müəssisələr işçi ilə problemi dünən də yaşayırdılar. Sadəcə bu problemləri aradan qaldırmaq üçün onlar fərqli ünvanlara müraciət edirdilər. Bu gün isə onlar psixoloqa müraciət edirlər.

Kənardan döyüş insana asan görünür. Danışmaq asandır. Reallıq isə başqadır. Bütün bunlar aparılan məqsədyönlü işin nəticəsində mümkün oldu. Burada dövlətin, medianın rolu danılmazdır. Bugün artıq biz digər ölkələrlə əməkdaşlığa çalışırıq. Onların təcrübələrindən faydalanırıq. Çünki, onların bu sahədə təcrübələri bizdən çoxdur. Bu il biz bir çox ölkələrlə psixologiya sahəsində əməkdaşlıq etməyə, seminar, konfranslar keçirməyə qərar vermişik. Danışıqlar davam edir. Real nəticələr var. İnşallah yaxın zamanda biz bunu psixologiya sevərlərin diqqətinə çatdırarıq!

- Səfərdə olduğunuz müddətdə professor S.A.İqumnovla da xüsusi görüşünüz oldu. Bu hansısa bir yeniliyin olacağından xəbər verirmi?

- Qəribə bir tanışlıq oldu. Konfransdan öncə qeydiyyatdan keçmək lazım idi. Foyedə bir insan mənə yaxınlaşdı. Belarusiyadan olduğunu bildirdi. Məmnunluğumu bildirdim. Belarusiyadan Kondraşenko, Donskoy və İqumnovun “Ümumi Psixoloterapiya” kitabından Azərbaycanda faydalandığımızı nəzərinə çatdırdım. Birdən adam sıxılaraq qayıdıb dedi ki, İqumnov mənəm. Beləcə söhbətimiz başaldı.  “Ümumi psixoterapiya” kitabının çapına razılıq verdi. Kondraşenko artıq vəfat edib, xanımından razılıq aldı, Donskoy da icazə verdi. Bütün bunlar 20 dəqiqə ərzində telefon danışıqları ilə baş verdi. Beləcə biz kitabın tərcüməsinə rəsmən icazə aldıq. Eləcədə də İqumnovun digər kitablarının da Azərbaycan dilinə tərcümə edilməsinə razılıq aldıq. Bilirsiz ki, bugün bizim mövcud problemimizdən biridə də psixologiya sahəsində kitabların azlığıdır. Ona görə də çalışırıq ki, dünyaca məşhur olan, səhihliyi bir çox ölkələr tərəfindən qəbul olunan, ali məktəblərdə dərs vəsaiti kimi istifadə olunan kitabları doğma dilimizə tərcümə edək. Belarusiyada eləcədə digər postsovet ölkələrində bu iş hələ sovetlər dağılan ərəfələrdə həyata keçirilib. Bizdə isə bu proses zəif gedir. Düşünürəm yaxın zamanlarda bunlar da həllini tapacaq. Digər tərəfdən öz müəlliflərimizin də kitabları yetəri qədər təbliğ olunmur. Bu isə ayrı bir mövzunun söhbətidir. İnşallah qismət olar bu haqda geniş danışarıq.

- Aldığımız məlumatlara görə peşəkar psixoterapevtlər liqasının prezidenti, professor Makarov Sizlərin Azərbaycandan gəldiyinizi biləndə sizə xüsusi diqqətlə yanaşmışdır. Bu barədə nə deyə bilərsiniz?

- Bəli, Peşəkar Psixoterapevtik Liqanın Prezidenti professor Makarova bizim gəlişimiz haqqında məlumat verildi. Biləndən sonra bizə yaxınlaşdı.  İştirakımızdan məmnum olduğunu bildirdi. Hətta Psixoterapevtik Balda onunla bir masada əyləşməyimizi xahiş etdi. Ətraflı söhbətimiz oldu. Gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Artıq Psixologiya və Konsultasiya Mərkəzi olaraq biz Peşəkar  Psixoterapevtik  Liqaya üzv olmuşuq. Eyni zamanda rəsmi nümayəndəlik də almışıq. Liqa bilirsiz ki, müxtəlif ölkələrdə konfranslar keçirir, jurnal çap edir, kitab tərcüməsi ilə məşğuldur. Eyni bir sistemi illərdir biz də tətbiq edirik. Mərkəz indiyə qədər fəaliyyəti müddətində 3 psixoloji kitab tərcümə edib. Eyni zamanda art terapiya, fizioqnomiya, qrafologiya ilə bağlı dərs vəsaiti, uşaq psixologiyası ilə bağlı kitab çap edib.

              

Siz bilirsiz ki, bizim Azərbaycanda ilk elmi-publisistik jurnalı olan “DÜŞÜNCƏ” Psixologiya Jurnalımız çap olunub. İndi də dushunce.az saytımız gün ərzində ən çox ziyarət olunan bir sayta çevrilib. Nəzərə almaq lazımdır ki, sayt xəbər portalı deyil! Portalda psixologiya ilə bağlı yazılar, layihələr əksini tapıb.

Biz 3 il öncə Azərbaycanda ilk dəfə psixoloji testlərdən ibarət psixotest.az saytını istifadəyə verdik.

5 il öncə PCC TV insanlarımıza təqdim edildi. Bütün bunlar zəhmət hesabına başa gəlir. Demək istədiyim odur ki, Biz onların qabağına əliboş çıxmamışdıq. Deməyə sözümüz də vardı. Sağ olsunlar onlarda bizim işlərimizi yüksək, hətta zarafata qəhrəmanlıq kimi dəyərləndirdilər. Bu səbəbdən əməkdaşlığa böyük məmnuniyyətlə razılıqlarını bildirdilər.

- Ölkəmizdəki peşəkar psixoloji mühit və psixoloji mərkəzlərin iş prinsipi ilə onlar arasında hansı fərqləri müşahidə etdiniz?

- Əsas fərq baza ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, Rusiya ərazi baxımından böyük dövlətdir. PPL tək Rusiya ilə məhdudlaşmır. Post sovet ölkələri, eləcə də Şərqi Avropa ölkələri bu Liqa ilə sıx əməkdaşlıq edirlər. Bizim digər ölkələrlə müqayisədə üstünlüyümüz çoxdur. Xüsusən orta Asiya ölkələri ilə müqayisə etsək, biz onlardan psixologiya sahəsində çox-çox irəlidəyik. Şərqi Avropa ölkələri ilə müqayisədə də durmumuz normaldır. Sadəcə tətbiqi psixologiyanın bir çox istiqamətləri var ki, bizdə hələ ki, ona tələbat tam formalaşmayıb, ancaq onlarda geniş yayılıb. Misal üçün, onlayn konsultasiya! Digər ölkələrdə bu xidmətdən geniş istifadə edirlər. Həm zamana qənaət olur, həm də maddi duruma.

Yaxın 5 ildə bu xidmətin də Azərbaycanda da geniş yayılacağını düşünürəm. Birdə mütəxəssis superviziyaları bizdə geniş yayılmayıb. Buna da böyük ehtiyac var. Problem hər yerdə var. Bunun minimallaşması üçün zaman lazımdır. Bizim fəaliyyətimiz təkcə TV ilə məhdudlaşmır. Yuxarıda qeyd etdiyimiz layihələr məsrəf tələb edən layilərdir. İstər psixotest.az, istər dushunce.az, istər kitab çapları, bunlar illik büdcə tələb edir. Layihələrə nəzarət edən işçi qrupu var. Onu da qeyd edək ki, bunlar bir günlük, yaxud bir aylıq layihələr deyil, illik layihələrdir və illərdir davam edir. Hər gün yeni materiallar əlavə edilir.

 Tək dushuncə.az saytında biz 7 dən çox layihə həyata keçirmişik. Bunlar hamısı əmək tələb edir. Psixotest.azsaytında da eyni ilə 3 il ərzində müxtəlif layihələr həyata keçirilib.

-Azərbaycanda peşəkar psixoloji mühitdə hansı dəyişikliklərin olmasınız istərdiniz?

Qeyd etmək istəyirəm ki, psixoloji xidmət sahəsində biz digər ölkələrdən heçdə geri qalmırıq. Ona görə də biz hər zaman qeyd edirik ki, psixoloji və psixiatrik müayinə üçün xaricə getməyə lüzum yoxdur. Bu sahədə Azərbaycanda kifayət qədər gözəl mütəxəssislər var. Sadəcə onlara etimad göstərmək lazımdır. Mütəxəssis nə qədər çox çalışarsa o qədər təcrübə qazanar, nəticə də daha da faydalı olar.

Çox istərdik ki, Azərbaycanda bu sahədə müəyyən kordinasiya olsun. Mütəxəssislərin yığışıb hansısa psixoloji problemi müzakirə edəcəkləri məkan olsun. Fikir mübadiləsi aparsınlar. Təəssüf ki, bizdə bu yoxdur. Psixologiya həm də xarakter məsələsədir. Psixoloq daim öz üzərində işləməli, çalışmalıdır. Psixoloq öncə özünə kömək etməyi bacarmalıdır. Bizim çox gözəl mütəxəssislərimiz var. Sadəcə insanların bir qismi, ətraflarında olan yanlış insanların onlara verdikləri informasiyalardan nəticə çıxarıb görülən işlərə qiymət verirlər. Buda xoşa gələn bir hal deyil!

Fəridə Qasımova

http://dushunce.az/entries/m%C3%BCsahib%C9%99/elnur-r%C3%BCst%C9%99mov-psixoloji-v%C9%99-psixiatrik-m%C3%BCayin%C9%99-%C3%BC%C3%A7%C3%BCn-xaric%C9%99-getm%C9%99y%C9%99-l%C3%BCzum-yoxdur!-m%C3%BCsahi%CC%87b%C9%99

Share to Odnoklassniki