Son zamanlar intihar mövzusu gündəmdə olan mövzulardan biri sayılır. Hər il intihar bir çox insanların seçiminə çevrilir. Ən təhlükəlisi isə odur ki, intihar cavanlaşır – uşaq və yeniyetmələrin də həyatına son qoyur. Dünya üzrə statistikaya nəzər salsaq görərik ki, intihar halları daha çox yeniyetmələr arasında olur. Çünki bu yaşlarda onlar daha həssas olduqları üçün qaranı ağ, ağı qara kimi görürlər. Bu dövrdə onlar baş verən hər hansı bir çətinliklə üzləşən zaman problemdən çıxış yolunu tapa bilmədikləri, onu həll edə bilmədikləri üçün bu yola əl atırlar. Bu səbəbdən də yeniyetmələr intiharın nə olduğunu və onunla necə mübarizə aparılacağını bilməlidirlər.
Yeniyetmə yaşı 10-11 yaşdan 14-15 yaşa qədər olan vaxtı əhatə edir. Bu dövr bir il tez və ya gec başlaya və qurtara bilər. Yeniyetməlik dövrünü “keçid”, “təhlükəli”,“dönüş” və s. dövrü adlandırırlar. Həmin dövrdə oğlan və qızların fiziki və psixi inkişafında müxtəlif keyfiyyət dəyişiklikləri baş verir. Artıq bu dövrdə yeniyetmələr özlərini böyük bir şəxsiyyət kimi hiss etməyə başlayır, qərar və seçimlərinin sərbəst olduğunu hiss etməyə və nümayiş etdirməyə çalışırlar. Bu dövrdə artıq həyatın mənası, ölümlə bağlı müxtəlif suallar onları düşündürməyə başlayır. Bəzən bu suallara cavab axtarma yolunda ümidsizlik və ya çarəsizlik hissləri onlarda yaşama və həyat eşqinin zəifləməsinə gətirib çıxarır. Bütün bunları intihar düşüncələrinin başlanğıcı hesab edə bilərik. Ancaq yeniyetmə intiharlarının baş vermə səbəbi bir çox hallarda onların özünü təsdiq etmə ilə bağlı yaşadıqları problemlərdən qaynaqlanır.
Bizim cəmiyyətdə yeniyetmə həyatı və bu yaş dövrünün özünəməxsus emosionallığı ətrafdakılar tərəfindən bir çox hallarda dəstəklənmir. Valideynlər, məktəb müəllimləri və digər şəxslər yeniyetməni dəstəkləmək əvəzinə daha çox qınamaq və tənbeh etmək barədə düşünürlər. Halbuki, həssas olan bu gənclərə hər sözü demək, hər tənqidi etmək doğru deyil. Bu bir çox hallarda yeniyetmədə özünə qapanma, özünə verilən qiymətin aşağı düşməsi hallarına və nəticədə onun depresiyalı situasiyalara düşməsinə gətirib çıxara bilər. Tədqiqatlar zamanı məlum olub ki, həyəcanlı depressiv vəziyyətlər intihara gedən yolun başlanğıcıdır. Ona görə də, uşaqlarda və yeniyetmələrdə depressiyanın olmasını inkar etməyin özü həqiqəti görməməzliyə vurmaq deməkdir. Çünki bu cür uşaqların köməyə ehtiyacı vardır, dərdləşməyə adam axtarırlar.
Həyatına son qoymaq istəyən on yeniyetmədən yeddisi öz planları barədə bölüşürlər. Ona görə də bu haqda danışan yeniyetmələrin çoxu zarafat etmir. Bununla belə biz onların dediklərini ciddiyə almır, “o, zarafat edir”, “o, diqqəti cəlb etmək üçün belə edir” deyir və ya düşünürük. Qeyd etmək lazımdır ki, yeniyetmələrin intihar cəhdlərini şərtləndirən əsas amillərdən biri də onlarda öz valideynləri və həmyaşıdları ilə şəxsiyyətlərarası münasibətlərin pozulmasıdır. Aparılan araşdırmalardan da məlum olub ki, valideyn ilə övlad arasında yaranan boşluq, valideynlərin müntəzəm olaraq öz övladlarının psixoloji durumu ilə maraqlanmaması və yeniyetmələrin valideyn imkanlarını aşan aşırı istəkləri ən aktual problemlərdəndir. Belə yeniyetmələr, valideynləri də daxil olmaqla konflikt yaşadıqları şəxslərə özlərini öldürəcəkləri ilə bağlı təhdidlər edirlər, ümidsizliklə bağlı davranış nümayiş etdirirlər, ətrafında olan şəxslərlə münasibətləri zəiflədirlər, ölümlə bağlı musiqi və ya şeirlərə meyl edirlər. Bu kimi davranış nümayiş etdirən şəxslərə qarşı bir qədər həssas yanaşmaq lazımdır. Belə ki, onlar hər hansı bir problemini söyləməyə çalışdığı zaman onları dinləmək, fikirlərinə hörmət etdiyinizi hiss elətdirmək, onlara şəxsiyyət kimi davrandığınızı nümayiş etdirmək lazımdır. Bütün bunlar intihar düşüncəsinin aradan qalxmasına köməklik edir.
Psixoloqların fikrincə, yeniyetmə və gənclərin çoxunun məqsədi heç də özünü öldürmək olmur. Onlar özlərini binanın pəncərəsindən atmaqla, boyunlarına kəndir keçirməklə, damarlarını kəsməklə bir növ ətrafdakıların diqqətini özlərinə cəlb etmək istəyirlər. Ekstremal şəraitdə qurulan televiziya idman-oyun yarışları, filmlər, qeyri-adi qabiyyət tələb edən proqramların nümayişi, internet oyunları uşaqları macəra axtarmağa vadar edir. Valideynlər çalışmalıdır ki, uşaqlar günün böyük hissəsini internet qarşısında keçirməsinlər. Bugünkü dövrdə uşaqların psixi durumuna ən çox pis təsir edən internet və sosial şəbəkələrdir.
İntiharı son çıxış yolu kimi seçən insanlara ediləcək müxtəlif yardım formaları vardır. Bunlardan biri onları tək qoymamaq və intihar düşüncəsindən başqa alternativ yolları axtarmağa yardım etməkdir. Bir psixoloq kimi ətrafınızda, ailənizdə problemi olan şəxsləri müşahidə etmək və onları dərdlərini sizinlə bölüşdürməyə cəsarətləndirmək lazımdır. Digər bir yardım forması isə bu şəxslərdə xüsusən də yeniyetmələrdə intiharı şərtləndirən faktorların – hal-hazırda emosional vəziyyətin depressiv və ya həyəcanlı olması, ümidsizlik və s. kimi halların mümkün olduğu qədər tez aradan qaldırılmasına köməklik etmək və gələcəyə doğru reallaşa bilən ümidlər verməkdir. Yeniyetmələrdə intihara cəhd hallarının qarşısının alınmasının ən effektiv yollarından biri də məktəblərdə psixologiya dərslərinin keçirilməsi və bu dərslərdə yeniyetmələrə onları gələcəkdə gözləyə biləcək çətinliklərdən çıxış yolu barədə məsləhətlərin verilməsi ola bilər. Çətinliklərə sinə gərərək uğur qazanmış görkəmli şəxslərin həyatından misal gətirməklə yeniyetmələrdə həyat eşqinin yüksəlməsinə və onların da gələcəkdə uğur qazana biləcəkləri ümidlərinin yaranmasına köməklik göstərmək olar.
Valideyn üçün ən ağır itki övlad itkisidir, xüsusi ilə də bu itki övladınızın seçimi nəticəsində baş verirsə. Bu dövrü keçirən övladınızdüzgün düşüncəyə malik deyil, düşdüyü hər hansı çətin bir vəziyyət, ətrafında baş verən bəzi mənfi proseslər onu bu addımı atmağa vadar edə bilər. Yeniyetmələr üçün sərbəst özünüifadə imkanı, öz fikir və düşüncələrini çəkinmədən sizinlə paylaşa bilmə mühitini yaradın, həyatı sevməyi və güclü olmağı öyrədin, bununla intihar riskini çox azaltmış olarsınız. Həyat insana ona görə verilib ki, ömrünün son dəqiqələrinə kimi onu qorusun. Ürəyimizi sevgi ilə doldursaq, bir birimizə qarşı diqqətli və anlayışlı olsaq, yaxın və doğmalarımızın səhv qərarlarına mane olub həyatlarını xilas edə bilərik.
Ismayılova Çinarə
Qərb Universitetı, Psixologiya ixtisasının tələbəsi