Əhalinin çox geniş istifadə etdiyi əsəb sakitləşdirici və depressiya əleyhinə dərmanların tərkibi ilə bağlı müxtəlif fikirlər səslənir. Bir sıra ekspertlər bu dərmanların tərkibində narkotikin olduğunu bildirsələr də, bəzi həkimlər bunu təkzib edir. Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu, həkim psixiatr Orxan Fərəcli antidepressant dərmanlar haqqında deyilən fikirlərə Ailem.az vasitəsilə aydınlıq gətirib.
O.Fərəcli bildirib ki, antidepressantların heç bir narkotik təsiri yoxdur: “Bəzən yuxululuq və keyləşmə kimi hisslər dərmanı yeni qəbul etdikdən sonra olsa da, ən uzağı 5-7 gün sonra keçib gedir. Antidepressantlar təkcə depressiyanın yox, həm də həyəcan, təşviş, panik atak, obssesiv-kompulsiv pozuntu, sosial fobiya kimi xəstəlikərin müalicəsində ilkin seçim preparatlarıdır. 30-dan çox ayrı-ayrı forması olmasına baxmayaraq, əsas 4 geniş qrupu var. Antidepressant dərmanların təsir mexanizmi tam aydın olmasa da, bunu izah edən əsas nəzəriyyə beyindəki “xoşbəxtlik hormonu” dediyimiz serotonin və noradrenalin maddəsinin miqdarının artırmasına əsaslanır. Serotonin və noradrenalin beyində sinirlər arasında əlaqəni təmin edən maddələrdir. Antidepressant dərmanlar insanda süni bir xoşbəxtlik yaratmır. Tam tərsinə, beyində pozulmuş müvazinatı yenidən bərpa edir. Bu dərmanlar sağlam insanlara təsir etmir. Antidepressant dərmanların təsiri gec başlayır (2-4 həftə), hərdən dərman qəbul etməklə depressiya sağalmaz. – Antidepressantların qəbulunu həkim nəzarəti olmadan qəfildən dayandırmaq olmaz. Sağlamlığınızı əldə etsəniz belə, dərmanı 6 aydan tez kəsmək düzgün deyil”.
Psixoloqun sözlərinə görə, antidepressant dərmanlar asılılıq yaratmır. Pasientin əlavə çəki alma riski demək olar ki, yoxdur. Bu dərmanlar ürək, qaraciyər, mədə-bağırsaq sisteminə heç bir ziyan vermir. O qeyd edib ki, hər dəfə əhvalımız aşağı olduqda, beynimizə istəmədiyimiz fikirlər gələndə dərman qəbul edilməməlidir: “Dərman o halda təyin edilir ki, əhvalsızılıq hissi, depressiv əlamətlər 2 həftədən çox davam edir, intihar barədə fikirlər pasiyenti narahat edir. Antidepressantlarla müalicə qəbul edən xəstələrin 3 aylıq müalicəsinin sonunda 50-60 % ciddi mənada yaxşılaşma qeyd olunur”.
Antidepressantların əlavə təsirlərinin olub-olmadığına gəlincə isə, O.Fərəcli bildirib ki, vitaminlərdən tutmuş antibiotiklərə qədər hər bir dərman qrupunun əlavə və yan təsirlərinin olduğu kimi antidepressantların da var. Ancaq bu dərmanlar həkim nəzarətində qəbul edildiyində qeyd etdiyimiz əlavə təsirlər ya heç olmur, ya da həddindən artıq qısa bir müddətə aradan qalxır: “Adətən əlavə təsirlər müalicənin ilk həftəsində ortaya çıxır. Ağız quruluğu, qəbizlik, əllərdə yüngül əsmə, baş gicəllənməsi, cinsi həvəzsizlik, orqazm gecikməsi kimi əlamətlər tez- tez rastlaşdığımız əlamətlər olsa da, bu əlamətlər dərman kəsildikdən sonra sürətlə aradan qalxan problemlərdir. Dərman qəbulunun ilk günlərində baş gicəllənmə, diqqət dağınıqlığı olduğu üçün avtomobil idarə etməkdən, cihaz və dəzgahlarda çalışan insanların isə işdən 2-3 gün uzaq durmaları tövsiyə edilir. Yuxarıda da qeyd etdiyimiz kimi bu qrup dərmanlar alkoqol, nikotin, digər narkotik maddələr kimi heç bir asılılıq yaratmır. Bəzi insanlarda dərman kəsilməsindən sonra ortaya çıxan halsızlıq, əsəbilik, bədəndə uyuşma hissi zamanla öz-özünə aradan qalxır. Həkim tərəfindən tərtib olunan və ya tövsiyə edilən dərman kəsmə cədvəli, ya sxemi ilə yuxarıda qeyd etdiyimiz əlamətləri minimuma endirmək mümkündür”.
http://neva.az/saglamliq/14613-antidepressantlarin-terkibinde-narkotik-varmi.html