Əhali arasında antidepressantlar haqqında bəzi səhv fikirlər yayılıb. Bu səbəbdən də antidepressant dərmanlar haqqında bir sıra nüansları qeyd edirik:
- Antidepressant dərmanlar insanda süni bir xöşbəxtlik yaratmır. Tam tərsinə beyində pozulmuş müvazinatı yenidən bərpa edir. Bu dərmanlar sağlam insanlara təsir etmir.
- Antidepressant dərmanların təsiri gec başlayır (2-4 həftə), hərdən dərman qəbul etməklə depressiya sağalmaz.
- Antidepressantların qəbulunu həkim nəzarəti olmadan qəfildən kəsmək olmaz. Sağlamlığınızı əldə etsəniz belə, dərmanı 6 aydan tez kəsmək olmaz.
- Antidepressant dərmanlar asılılıq yaratmır.
- Pasientin əlavə çəki alma (kökəlmə) riski demək olar ki, yoxdur.
- Ürək, qaraciyər, mədə-bağırsaq sisteminə heç bir ziyan vermir.
- Antidepressantların heç bir narkotik təsiri yoxdur. Bəzən yuxululuq və keyləşmə kimi hisslər dərmanı yeni qəbul etdikdən sonra olsa da, bu hisslər ən uzağı 5-7 gün sonra keçib gedir.
Antidepressantlar nədir? Antidepressantlar təkcə depressiyanın yox, həm də həyəcan, təşviş, panik atak, obssesiv-kompulsiv pozuntu, sosial fobiya kimi xəstəlikərin müalicəsində ilkin seçim peraparatlarıdır. 30-dan çox ayrı-ayrı forması olmasına baxmayaraq, əsas 4 geniş qrupu var. Antidepressant dərmanların təsir mexanizmi tam aydın olmasa da, bunu izah edən əsas nəzəriyyə beyindəki “xoşbəxtlik hormonu” dediyimiz serotonin və noradrenalin maddəsinin miqdarının artırmasına əsaslanır. Serotonin və noradrenalin beyində sinirlər arasında əlaqəni təmin edən maddələrdir.
Bəs hansı hallarda biz dərman qəbul etməliyik? Təbii ki, hər dəfə əhvalımız aşağı olduqda, beynimizə istəmədiyimiz fikirlər gələndə dərman qəbul etməməliyik. Dərman o halda təyin edilir ki, əhvalsızılıq hissi, depressiv əlamətlər 2 həftədən çox davam edir, intihar barədə fikirlər pasiyentimizi narahat edir.
Antidepressantlarla müalicə qəbul edən xəstələrin 3 aylıq müalicənin sonunda 50-60 % da ciddi mənada yaxşılaşma qeyd olunur.
Antidepressantların əlavə təsirləri varmı? Vitaminlərdən tutmuş antibiotiklərə qədər hər bir dərman qrupunun əlavə və yan təsirlərinin olduğu kimi antidepressantların da bəzi əlavə təsirləri var. Ancaq bu dərmanlar həkim nəzarətində qəbul edildiyində qeyd etdiyimiz əlavə təsirlər ya heç olmur, ya da həddindən artıq qısa bir müddətə aradan qalxır. Adətən əlavə təsirlər müalicənin ilk həftəsində ortaya çıxır. Ağız quruluğu, qəbizlik, əllərdə yüngül əsmə, baş gicəllənməsi, cinsi həvəzsizlik, orqazm gecikməsi kimi əlamətlər tez- tez rastlaşdığımız əlamətlər olsa da, bu əlamətlər dərman kəsildikdən sonra sürətlə aradan qalxan problemlərdir. Dərman qəbulunun ilk günlərində baş gicəllənmə, diqqət yayınıqlığı olduğu üçün avtomobil idarə etməkdən, cihaz və dəzgahlarda çalışan insanların isə işdən 2-3 gün uzaq durmaları tövsiyyə edilir.
Yuxarıda da qeyd etdiyimiz kimi bu qrup dərmanlar alkoqol, nikotin, digər narkotik maddələr kimi heç bir asılılıq (öyrəşmə) yaratmır. Bəzi insanlarda dərman kəsilməsindən sonra ortaya çıxan halsızlıq, əsəbilik, bədəndə uyuşma hissi zamanla öz-özünə aradan qalxır. Həkim tərəfindən tərtib olunan və ya tövsiyyə olunan dərman kəsmə cədvəli və ya sxemi ilə yuxarıda qeyd etdiyimiz əlamətləri minimuma endirmək mümkündür.
Orxan Fərəcli
Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu
Cümə, Aprel 3rd 2015 at 8:16 am
Salam menim dehshet psixoloji problemlerim var depresiya nevroz elametleri xaish edirem mene komek edesiz