Boşanmış ailələrin uşaqları

divorce people

Yazının başlığını oxuyan kimi boşanmış ailələrin uşaqlarının problemlərindən danışacağımı düşünməyin. Əksinə, bu yazıda belə ailələrin problemlərindən bəhs edərək evliliyinə son qoymaq istəyən ailələrə qərarlarını bir daha nəzərdən keçirmələrinə və gələcəkdə peşman olacaqları qərarlar verməmələrinə kömək etmək istəyirəm. Çünki bu məsələdə həm mühafizəkar, həm də bir az pessimist düşünürəm.

Həyatda ən sevdiyi iki insan-anası və atası ayrı yaşayan bir uşağın dərdlərinə necə çarə etmək olar, onun bu yarasına necə məlhəm qoymaq olar? Yoldaşları məktəbdə ailələri ilə keçirdikləri gəzintilərdən danışanda, küçədə ata – anasının əlindən tutub gedən bir uşaq görəndə qəlbi sınan bu körpəyə hansı sözlərlə təsəlli vermək olar? Kim güldürə bilər bu solğun üçü, kim xoşbəxt edə bilər ? Bəs beynini yeyib gəmirən suallar? Onlara necə, cavab tapmağa cəsarətiniz varmı? Boşanmış ailələrin uşaqlarının ən böyük problemləri valideynlərinin ayrılmasında özlərini günahkar saymalarıdır. Bu günahkarlıq psixologiyası ilə intihar edən, ölümləri ilə valideynlərinin yenidən birləşəcəyinə və xoşbəxt olacağına inanan uşaqlar var. Çünki boşanma ərəfəsindəki dava-dalaşlarda istər ata, istər ana, tez – tez uşaqlarını bəhanə edərək qarşı tərəfi insafa gətirməyə calışırlar.

Bəlkə də siz boşanıb canınızı qurtarırsınız, bütün baş verənləri unudursunuz, ancaq usaqlarınız əsla! Çünki siz əvvəlki həyat yoldaşınızı nə qədər sevməsəniz də, o nə qədər sizə yad olsa da, uşağınızın atası və ya anasıdır. Uşağınızın onu unudacağını və ya sizin kimi rahat olacağını heç vaxt gözləməyin. Hətta o, şahid olduğu dava-dalaşlarınızı həyatının sonuna qədər unutmayacaq və həmişə o qəmli xatirələrin təsiri altında yaşayacaq.

Yəni, “evləndim ancaq bir – birimizi başa düşməsək, ayrılarıq” kimi ilk baxışdan məsum görünən bir fikir bizim vasitəmizlə dünyaya gələn bir insanın bütün ömür boyu əzab çəkməsinə səbəb olursa, buna qərar verməzdən əvvəl yaxşıca düşünmək lazımdır. Çünki atası və ya anası olmağımız onun həyatını məhv etmək haqqı vermir bizə!

Birdə hər şey uşaqların problemləri ilə bitmir. Övladını böyütməkdə tək qalan valideyn onun təlim- tərbiyəsində də həm maddi, həm də mənəvi baxımdan tək qalır. Uşaq ata və ya ananın tərbiyəsindən məhrum qaldıqca bu boşluğu, xüsusilə dövründə ətrafdakı yoldaşları doldurur. Əgər o yoldaşları tərbiyədən, əxlaqdan məhrumdurlarsa, artıq onu əldə saxlamaq da haradasa, qeyri -mümkün olur.

Övladımızın, xüsusilə də gənclik illərində, ata-ana sevgisinə və qayğısına ehtiyac var. Boşandıqdan sonra ikinci bir ailə həyatı qursanız belə, problemler bitmir. Hər şeydən əvvəl yeni həyat yoldaşınızın bu uşaqları qəbul etməsi, onlarla öz övladları kimi davranması çox çətindir. Qaldı ki, o qəbul etsə belə, uşaqlarınız yeni həyat yoldaşınızı öz ata və ya anasının yerinə qoymayacaqlar. Yeni həqiqəti demək lazımdırsa, boşanmış ailələrin dərdlərinə çarə ancaq ailənin yenidən birləşməsindən keçir.

Bir ailə qurulursa, iki insan həyatını birləşdirirsə, bu müqavilə ömür boyu olmalıdır. Əgər beyninizdə haradasa, “bir – birimizi başa düşməsək, boşanarıq” fikri varsa, ən yaxşısı hec ailə qurmamaq və ya uşaq sahibi olmamaqdır. Çünki həyat sizin həyatınız olsa da, artıq ailə qurduğunuz günlərdəki kimi iki nəfər deyilsiniz. Əgər ortada övladlarınız varsa, ailə daxilində baş verən hər şeyə qatlaşmağa dəyər. Dağılmış yuvanızın xarabalıqları altında qalan uşaqların problemləri ilə məşğul olmaq, inanın, ailə daxilindəki əziyyətlərə qatlaşmaqdan daha çətindir. Xüsusilə, üzümü əziz qadınlara tuturam.” Yuvanı dişi quş qurar ” deyirlər. Yuvamızı qurmaq və onu qorumaq üçün hər cür fədakarlıq göstərməliyik. Qoy biz bir az cəfa çəkək, qoy karyeramız bir az gözləsin. Biz torpaq olaq ki, övladlarımız da gül olsunlar.

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Sevda Xəlilova

Share to Odnoklassniki

Tags:

One Response

  1. Moderator says

    Salam,Turanə xanım.Qeyd etdiyiniz durumda əyani psixoloji yardım daha faydalı olardı.Psixologiya və Konsultasiya Mərkəzi ilə əlaqə saxlayın, Sizə müayinə və müalicə üçün zaman təyin edərlər. Əlaqə telefonu (012) 480-36-29 yaxud da (055) 257-27-00