Terrorçuya çevrilməməyin rolu…

terrorist-putting-his-mask

Bəşəriyyətdə, təəssüf ki, tam sülhün, firavanlığın hökm sürdüyü dövrlər çox az olub. Son dövrlərdə yayılan məlumatlar isə hər kəsi, hətta ən neytral insanı belə, özündən çıxara bilər. Terror dalğası, radikal dini qruplaşmaların əməlləri bütünlükdə sivil cəmiyyəti narahat edir. Sağlam düşünən əksər insanlar üçün ortodoksal etiqadla pərdələnən terror bəladırsa, radikal qruplaşmaların öz tərəflərinə çəkə bildikləri insanlar da az deyil. Üstəlik, onlar bir sıra hallarda kifayət qədər incə mexanizmlərdən istifadə etməklə, dindar olmayan insanları belə, öz tərəflərinə cəlb edə bilirlər. Bu problem artıq hər hansı bir dövlətin miqyasını aşıb və təəssüf ki, indi Azərbaycan da bu məsələdə istisna deyil.

 Kimi və hansı məqsədlə ələ alırlar?

Suriyada döyüşməyə yollanmış azərbaycanlıların sayı artıq yüzlərlədir. Azərbaycanın nisbətən kiçik ölkə olduğunu və burada dindarların sayının o qədər də çox olmadığını nəzərə alsaq, bu, heç də kiçik rəqəm deyil. Azərbaycan dünyəvi dövlətdir. Lakin onun ayrı-ayrı təbəqələrinə ortodoksal təsirlər kifayət qədər güclüdür.

Mətbuatda, demək olar ki, hər gün radikal qüvvələrin təsiri altına düşmüş insanlar haqda eşidirik. Elə bu günlərdə Azərbaycanın hüquq mühafizə orqanları Bakıda radikal dini qruplaşmaya qarşı əməliyyat keçirərək 40 nəfəri saxlayıb.

Bu gün Azərbaycanda kiminsə oğlunun “İslam Dövləti” (İD) yaraqlıları tərəfindən ələ alınaraq Türkiyə vasitəsilə ölkədən qaçdığına dair xəbərlər, demək olar ki, təəccübə səbəb olmur. Üstəlik, belə təsirə düşənlər arasında qadınlar da var – ələalma strukturunu təhlil etsək görərik ki, radikal islamçıların bu işdə əsas hədəfi gənc ziyalıların, humanitar peşə sahiblərinin sıralarına cəlb olunmasıdır. Onlar üçün bu insanın kişi və ya qadın olacağı önəm daşımır. Bu səbəbdən də, bir müddət əvvəl Rusiyada əlaçı tələbə Varvara Karaulovanın onların təsirinə düşməsi heç də təəccüblü deyil. Bu məsələdə diqqəti çəkən məqam ondan ibarətdir ki, əla oxuyan və nümunəvi tərbiyə sahibi olan qızın ailəsi onda heç bir qəribəlik hiss etməyib. Qızın bəxti gətirib – onu xilas etmək mümkün olub. Qızın valideynləri birdən ayılaraq onu Türkiyə-Suriya sərhədində saxlaya bilib. Bəs, Varvara xilas olunduğunu düşünürmü? Bu suala cavab vermək çətindir. İndi bu yolu seçmiş gəncin (əsas risk məhz gənclərlə bağlıdır) taleyinin necə olacağını əvvəldən söyləmək çətindir. Bundan heç kəs sığortalanmayıb. Müxtəlif ölkələrin xüsusi xidmət orqanlarının əməkdaşları deyirlər ki, bütün dünyada insanların bu işə cəlb edilməsilə məşğul olanlar eyni prinsipə əsaslanırlar: Avropa ölkələrində onlar potensial qurbanlarını ərəb əsilli ailələrdən seçir. Bu, artıq ikinci və ya üçüncü nəsil avropalılardır. Ərəb ailələrindən olan uşaqlar üçün İD-ə və digər qruplaşmalara qoşulmanın əsas motivlərindən biri itirilmiş eyniliyin axtarışıdır.

Yerdə qalanlara gəlincə, burada da motivlər aydındır: gənclər, tələbələr yenilik axtarır, məscidlərə üz tutur. Lakin bu məsələdə gəncləri islamın siyasi cəhətdən korrekt versiyası qane etmir. Əvəzində onlar məscidlər, mədrəsələr və ya ekstremist təşkilatlar ətrafındakı dini “toplantılar”da özləri üçün bir çox maraqlı iş tapırlar. Odur ki, şəbəkəyə proqressiv gəncliyin cəlbi daha asandır.

Məsələ ondadır ki, İD insanlara “ideal dünya” modeli təklif edir və həyatın mənasını axtarmaqda olan insanlar, xüsusilə gənclər məhz buna can atır. Burada təəccüblü heç nə yoxdur. Kimlərsə solçulara, kimlərsə sağçılara yönəlirsə, bəziləri də İD-yə üz tutur. 1917-ci ildə də bu, kütləvi hal almışdı. İnsanlar bolşeviklərə tərəf axışırdı. İD təmsilçiləri, bir qayda olaraq, islama maraq göstərən insanları daha asanlıqla cəlb edirlər. Radikal ideyalar gənclər üçün hər zaman maraqlıdır. Araşdırmalar göstərir ki, neofitlər (dinə yeni üz tutmuş şəxslər) etiqadın daha aqressiv formasına meyillidirlər. Onlar ənənələr mədəniyyəti olan dindar ailələrində böyümüş gənclərlə müqayisədə sektaların təsiri altına daha asanlıqla düşürlər.

Nəzarət edin! Bəs, bu kifayətdirmi?

Qonşudakı oğlan uşağının və ya hər hansı qohumun qızının indiki halda islam təmayüllü terrorçuya çevrilməməsi üçün nə etmək lazımdır? Radikallığa meyillənən insanı necə tanımaq olar və risk qrupuna kimlər daxildir?

Bu işdə, bir qayda olaraq, eyni tələdən istifadə edilir: rəhmlilik, dərdə şərik çıxma, həmçinin əks cinsin cazibəsi. Ələalma sistemi, ümumilikdə, bu aspekt üzərində qurulub. Qadın, gənc, əksər hallarda özündən yaşca kiçik oğlanı bu cür ələ alır. Yox, söhbət qızın ələ keçirilməsindən gedirsə, bunu yaraşıqlı kişi vasitəsilə edirlər. Sosial şəbəkələrdə də, təxminən, eyni mexanizmdən istifadə olunur.

“Bu və ya digər formada fanatizmə meyil, əsasən, gənc yaşlarda olur: 16-25 yaş arasında. Bu, istər gənc oğlanlarda, istərsə də qızlarda bu cürdür”, – deyə həkim-psixiatr Denis Rzayev bildirir: “Buna yol açan amillər kifayət qədər aydındır: ailə, iqtisadi, sosial. Bununla yanaşı, yaşayış şəraiti yaxşı olmayan insanların heç də hamısı fanatizmə meyilli deyillər. Risk qrupuna daxil olanlar stresslərə sinə gərməyi bacarmayanlardır. Onlar daha zəif, aqressiv olurlar və belə insanları yoldan çıxarmaq asandır. Ailədə qeyri-sağlam vəziyyət, məsələn, atanın əyyaş olması, ananın diqqətini yalnız öz problemlərinə yönəltməsi, işsizlik, maliyyə problemləri, dünyada və cəmiyyətdəki əhvalla bağlı problemlər kifayət qədər ciddi səbəblərdir. Və belə şəraitlə üzləşmiş gəncin “müqəddəs məqsəd və daimi xoşbəxtlik” haqda vədlərinə inanması qəribə gəlmir.

Bununla yanaşı, həkimin sözlərinə görə, kütlə arasında kimin potensial fanat olduğunu müəyyənləşdirmək kifayət qədər çətindir; amma hərəkətlərində tələskənlik, əsəbilik, gərginlik bunun göstəricisi sayıla bilər. Bəs, insanın qəflətən hansısa fanatik qruplaşmaya “müraciət etdiyini” necə müəyyənləşdirmək olar? Artıq qeyd edildiyi kimi, insanın ailəsində hər şey qaydasında deyilsə, yaxınları ondakı dəyişiklikləri duymaya da bilər. Lakin bu dəyişikliklər ətrafdakıların diqqətini çəkəcək: insanın qəflətən özünü “əl-qolu bağlanmış” kimi aparması, dinməzlik, özünəqapanma, ənənəvi maraqlardan uzaqlaşma, daim birlikdə olduğu insanlardan uzaqlaşma, yeni tanışların peyda olması. Belə insanlarda müəyyən aqressivlik də müşahidə olunur və onun intihar etmək fikrinə düşəcəyi də istisna deyil. Söhbət potensial terrorçu və fanatlardan gedirsə, intihar düşüncəsi qaçılmazdır. Çünki onlar, əslində, kamikadzeliyə hazırlaşırlar.

Psixiator deyir ki, əgər siz oğullarınızın, qızlarınızın, qardaş və bacılarınızın, dost və tanışlarınızın davranışlarında dəyişiklik görürsünüzsə, buna biganə qalmayın.

Daşındırmaq olarmı?

Fanatı fikrindən daşındırmağın, normal həyata qaytarmağın nə dərəcədə mümkün olduğuna dair suala cavab vermək üçün bir şeyi dərk etmək lazımdır: bu, çox çətindir və bir sıra amillərdən asılıdır. Bunun üçün insanın seçdiyi yolun mənbəyini tapmaq vacibdir. Əgər səbəb çarəsizlik, həyatdakı qarışıqlıq, maddi problemlərdirsə, psixoterapevtlə uzunmüddətli çalışmalar nəticə verə bilər. Bununla yanaşı, ailənin, qohumların, nüfuzlu dostların rolunu da azaltmaq olmaz. Psixiator hesab edir ki, əksər hallarda valideynlərilə problem yaşayan gənclər belə yollara üz tutur. Odur ki, valideynlər övladlarına yanaşmada, münasibətdə dəyişiklik etməlidirlər. Yəni məsləhətlər daha çox “qurban”a deyil, onun ətrafına verilməlidir. Rzayevin sözlərinə görə, burada daha bir vacib amil var: əgər gənci kimsə yoldan çıxarıbsa, savadlı əks arqumentlərlə onu fikrindən daşındırmaq olar.

Psixoloq Orxan Sultanov isə hesab edir ki, belə insanları normal həyata qaytarmaq üçün əsas iş liderin nüfuzdan salınmasıdır: “Liderin elə tərəflərini göstərmək lazımdır ki, insanda onunla bağlı məyusluq yaransın”. Liderin “nüfuzdan salınmısı” işi uğurlu alınarsa, əksər halda insanların daxilində bir boşluq yaranır. Bu anda həmin boşluğu konstruktiv istiqamətli başqa şeylərlə doldurmaq lazımdır. Lakin əksər hallarda “ələ keçmiş” radikalı həbsxana gözləyir və bu, onun bərpa şanslarını sıfra endirir. Həbsxanada o, özünə həmfikirlər tapır və nəticədə, insan seçdiyi yoldan dönməyi ağlından belə, keçirmir. Üstəlik, fanatik üçün şəhid adı hər zaman cəlbedici görünür.

Odur ki, ədliyyə insanların ələ keçirilməsilə bağlı işlərə fərqli yanaşmalı və ilk növbədə, bir suala cavab tapmalıdır: müttəhim kimdir – yardıma ehtiyacı olan qurban, yoxsa cinayətkar?

İkinci yol fanata mübarizəsinin mənasızlığını sübut etməkdir. Bu addım uğurlu alınarsa, psixoloqlar və həmin şəxsin yaxınları qarşısında yeni vəzifə dayanır: onu intihardan qorumaq. Çünki fanatın qəflətən həyatının, hədəflərinin mənasız olduğunu anlaması sonda intiharla nəticələnə bilər.

 Problem inancda yox, onun izahındadır

Dinşünas, fəlsəfə elmləri doktoru Aydın Əlizadə deyir ki, istənilən dində zəif, minimal səviyyədə də olsa, ekstremizmə, fərqli fikrə dözümsüzlüyə müəyyən çağırışlar var. Əlbəttə ki, söhbət yalnız nisbətdən gedir. Radikallarda bu ekstremizm terroradək gedib çıxa bilər.

“Suriyada fəaliyyətdə olan istənilən qruplaşma islam nəzəriyyəsindən çıxanlardır. İslam tarixində yüzlərlə müxtəlif sektalar, nəzəriyyələr olub. İndiki qruplaşmalar da bu cərəyanlara aiddirlər. Onlar islamı şərh edərkən hərfi, daha sərt formula üstünlük verirlər”, – deyə Əlizadə bildirir.

Ekspertin fikrincə, Azərbaycan ictimaiyyəti tam radikallaşmadan çox uzaqdır. Lakin dünyəvilik atmosferi korlanarsa, dini təbliğat güclənərək yaranmış boşluğu doldurarsa, bu, kifayət qədər kortəbii xarakter ala bilər. Bu üzdən də, dövlətin güclü ideologiyası olmalıdır.

Azərbaycanın rəsmi strukturları, məsələn, Milli Təhlükəsizlik Nazirliyi dini ekstremizmlə bağlı pozuntuların qarşısının alınması üçün bütün lazımi tədbirlərin görüldüyünü bildirir. Qurumdan bildirirlər ki, bu sahədə vəziyyət müvafiq xidmətlərin tam nəzarətindədir.

İlahiyyatçı, ilahiyyat üzrə fəlsəfə elmləri namizədi Aqil Şirinovun sözlərinə görə, dini radikallığın qarşısının alınmasında ən vacib amillərdən biri ümumi savadlılıq səviyyəsi, o cümlədən dini sahədə savadlılıqdır.

Bununla yanaşı, dini dəyərlərin təbliği radikal təfsirlərdən uzaq olmalı, kontekstdən çıxarılmamalıdır. Bunun üçün savadlı din xadimlərinin üzə çıxarılması vacibdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də məhz bununla məşğuldur.

Onun sözlərinə görə, dünyəvi təhsil dindən ayrı olsa da, ölkədə təhsilin səviyyəsinin artırılması da vacibdir: insanlar dini istiqamətlər, axınlarla bağlı düzgün təsəvvürə malik olmalı, onların tarixini, fəlsəfəsini bilməlidirlər.

Bununla yanaşı, ilahiyyatçı Azərbaycanda radikallıq təhlükəsinin olmadığını düşünür: “Azərbaycanın öz ənənəvi dəyərləri var. O, hər zaman çoxmillətli ölkə olub, burada daim birlikdə yaşamaq, hər kəsə dözümlü yanaşma prinsipi hökm sürüb”.

Beləliklə, qurbanın islamçı və ya faşist qruplarından yalnız fiziki olaraq xilas edilməsi kifayət deyil. Dostlar və tanışlar bir-birlərinə qarşı son dərəcə diqqətli olarlarsa, problemi vaxtından əvvəl ortaya çıxarmaq olar. Diqqətinizi telefonlara, kompüterlərə verməyin. Ünsiyyətdə olun, real həyat yaşayın. Axı, bu gün insanların ələ alınması telefon və qacetlər vasitəsilə istənilən məkandan internetə qoşulmaq qədər asandır.

Başınızı qaldırıb ətrafa baxın. Gerçəkliklərlə yaşamaq əladır!

http://regionplus.az/az/articles/view/5631

Share to Odnoklassniki